Bakıdakı Böyükşor gölü ətrafında "Şəhər daxilində şəhər" (City within a City) layihəsi çərçivəsində salınacaq səhiyyə, ticarət, təhsil və mehmanxana infrastrukturu əraziyə böyük məbləğdə investisiya cəlb edilməsini və minlərlə yeni iş yerinin açılmasını hədəfləyir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu bildiib.
Onun sözlərinə görə, Mərdəkan, Hövsan, Lökbatan və Ələt kimi qəsəbələr gələcəkdə sadəcə rayon deyil, özünün iş yerləri, müasir ticarət zonaları, təhsil və səhiyyə infrastrukturu olan müstəqil cazibə mərkəzləri kimi fəaliyyət göstərəcək: "Bu isə o deməkdir ki, vətəndaş işləmək üçün hər gün şəhərin mərkəzinə gəlmək məcburiyyətində qalmayacaq, mərkəzin yükü ətraf zonalara bölünəcək və yerlərdə iqtisadi fəallıq artacaq. Şəhərin regenerasiyası, yəni istismar müddətini başa vurmuş, qəzalı və ya köhnə sənaye zonalarının təmizlənərək müasir tələblərə cavab verən yaşayış və ictimai klasterlərə çevrilməsi yeni iş yerləri yaradılması üçün böyük platformadır. Təkcə "Sea Breeze" layihəsi kimi genişmiqyaslı turizm və yaşayış komplekslərinin yaradılması da həm turizmi stimullaşdırır, həm də şəhərətrafı zonalar üçün güclü iqtisadi impuls yaradır".