IMG-LOGO

Avropa Komissiyası Aİ daxilində səyahətləri daha rahat, şəffaf etmək üçün təkliflər irəli sürüb

13 May 2026 15:57 5 baxış
IMG

Avropa Komissiyası (AK) Avropaya səyahətlərin bronlaşdırılmasının sadələşdirilməsini və sərnişinlərin hüquqlarının gücləndirilməsini ehtiva edən yeni qaydalar paketini təqdim edib.

"Report"un Avropa bürosunun məlumatına görə, təkliflər Brüsseldə AK-nın kollegiyasından sonra keçirilən mətbuat konfransında təqdim edilib. Kollegiya "Bir səyahət, bir bilet və bütün hüquqlar" adlı sərnişin paketini təsdiqləyib.

Nəqliyyat və turizm üzrə Avropa komissarı Apostolos Tsitsikostas bəyan edib ki, təşəbbüs Aİ ölkələri arasında səyahətləri daha rahat, şəffaf və təhlükəsiz etməyi hədəfləyib.

Onun sözlərinə görə, təşəbbüs Aİ daxilində hərəkət azadlığının inkişafında növbəti addım olacaq.

"Hərəkət azadlığı Avropanın ən böyük nailiyyətlərindən biridir. Bu gün biz irəliyə doğru daha bir addım ataraq sərnişinlər üçün bütün 27 üzv dövlət üzrə səyahətlərin daha sadə və rahat olmasını təmin edirik", - Tsitsikostas vurğulayıb.

Avropa Komissiyası biletlərin rəsmiləşdirilməsi üçün bütün marşrut boyunca sərnişinlərin hərtərəfli müdafiəsini təmin edəcək vahid yanaşma təklif edir. Gecikmələr və buraxılmış keçidlər zamanı sərnişinlərə yardım göstərilməsi, alternativ marşrut, kompensasiya və ya vəsaitlərin geri qaytarılması ilə bağlı zəmanət veriləcək.

Dəmiryol şirkətlərinə öz satış sistemlərini yeni tələblərə uyğunlaşdırmaq və müstəqil bilet satıcılarının bu sistemlərə çıxışını təmin etmək üçün bir il vaxt veriləcək.

Xəbər lenti