Ermənistan hazırkı siyasəti ilə "yaşıl enerji" dəhlizlərində yer almaq kimi sülh dividendi əldə edəcək.
Bunu "Report"un Balkan bürosuna Belqrad Enerji Forumu çərçivəsində müsahibəsində Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.
O qeyd edib ki, Azərbaycanın enerji siyasəti sülh siyasəti ilə birgə addımlayır: "Ermənistanla olan münasibətlər, Zəngəzur dəhlizi və Naxçıvanın Azərbaycanın ana sisteminə qoşulması istiqamətində atılan addımlar fonunda ümid odur ki, bu yeni "yaşıl enerji" layihələri nəinki bizi və qonşuları enerji ilə təmin edəcək, eyni zamanda Azərbaycan və Ermənistan arasında olan qalıcı sülh prosesinə çox böyük töhfə verəcək".
E.Soltanov diqqətə çatdırıb ki, Azərbaycanın ixrac etdiyi neft məhsulları həm də enerji təhlükəsizliyi və stabilliyinin ixracı mənasına gəlir: "Ermənistan indiyədək öz seçimləri nəticəsində enerji koalisiyalarından kənarda qalırdı. Amma hazırda sülhə doğru atdıqları hər addım sadəcə sülh nöqteyi-nəzərindən deyil, iqtisadi və neft təhlükəsizliyi baxımından da onlara fayda təmin edir. Azərbaycanın qaz və neft layihələrinin kənarında qalan Ermənistan hazırkı siyasəti, sülhə istiqamətlənən baxışı ilə "yaşıl enerji" dəhlizlərində yer almaq kimi sülh dividendi əldə edəcək. Bu da onu göstərir ki, iki məsələ bir-biri ilə bağlıdır. Belə ki, bizə qarşı hərbi müstəvidə uduzan, həm də iqtisadi müstəvidə uduzur və bunun artıq fərqindədirlər. Azərbaycan sülh addımı atan ölkələrlə iqtisadi cəhətdən də münasibətləri qoruyur".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.