Ukrayna Avropa tərəfdaşları ilə birgə ballistik raketlərdən müdafiə üzrə koalisiya yaradır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
"Bu gün avropalı tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm: milli təhlükəsizlik məsələləri üzrə müşavirlər səviyyəsində görüş keçirilib. Biz Avropada ballistik raketlərdən müdafiə sistemlərinin istehsalı mövzusunu tədricən irəli aparırıq və bununla bağlı koalisiya formalaşdırırıq. Bunu etməyə dəyər və hazırda biz nəticəyə həmişəkindən daha yaxınıq. Bugünkü görüşdə 13 ölkə və NATO Baş katibinin ofisi təmsil olunub. Bu, çox vacib təşəbbüsdür", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, Ukraynanın bu gün həm cəbhədə, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda mövqeyi güclüdür. O, Ukrayna və Avropanın müdafiəsinin bundan sonra da gücləndirilməsinin vacibliyini qeyd edib.
"Ukrayna müharibədə tab gətirməli, müstəqilliyini qorumalı, insanların təhlükəsizliyini təmin etməlidir. Bu, mütləq olacaq", - Ukrayna lideri yekunlaşdırıb.