Rusiya ordusunun bu gün Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbələr nəticəsində azı altı nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Aleksandr Qanja öz "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya qoşunları Dnepropetrovsk vilayətinin dörd rayonuna artilleriya və pilotsuz uçuş aparatları (PUA) ilə 50-dən çox zərbə endirib.
"Ukraynanın mərkəzi hissəsindəki sənaye şəhəri Krivoy Roqda yaşayış evinə endirilən zərbə nəticəsində iki nəfər həlak olub. Sinelnikovo rayonunun Dubovikov icmasının bombalanması nəticəsində dörd nəfər həlak olub, daha üç nəfər yaralanıb", - Qanja yazıb.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ötən gecə Rusiya ordusu Ukrayna ərazisinə 200-dən çox PUA ilə hücum edib, 80-dən çox aviabomba atıb və 30-dan çox avizərbə endirib. Zərbələr nəticəsində infrastruktura ziyan dəyib, həlak olanlar və xəsarət alanlar var.