ABŞ Konqresinin Senatı Kevin Uorşun Federal Ehtiyat Sisteminin (FES) Rəhbərlər Şurasına namizədliyini təsdiqləyib.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, onun namizədliyi 45-ə qarşı 51 səslə təsdiqlənib.
Səsvermə Uorşu dəstəkləyən demokrat senator Con Fetterman istisna olmaqla, partiyaların mövqelərinə uyğun olaraq (respublikaçılar - "lehinə", demokratlar - "əleyhinə") keçib.
Namizədliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş Uorş 14 il müddətinə FES-nin Rəhbərlər Şurasının tərkibinə daxil olacaq.
Bununla belə, o hələ 4 il müddətinə tənzimləyicinin sədri olaraq təsdiqlənməyib. Senatın bu məsələ üzrə səsverməsinin çərşənbə günü keçirilməsi gözlənilir.
Qeyd edək ki, Cerom Pauellin FES sədri postunda səlahiyyət müddəti mayın 15-də başa çatır, lakin o, maliyyə tənzimləyicisinin Rəhbərlər Şurasında 2028-ci ilə qədər qala bilər. ABŞ Prezidenti Donald Tramp əvvəllər uçot dərəcəsinin çox ləng azaldılmasına görə FES-nin hazırkı rəhbərindən dəfələrlə narazılığını bildirmişdi.
Daha əvvəl ABŞ Senatının Bank Komitəsi Trampın təklif etdiyi Kevin Uorşun FES-nin yeni sədri postuna namizədliyini bəyənmişdi.