Sumqayıtda WUF13 tədbirində yaradılan mühit insanlar tərəfindən böyük maraqla qarşılanıb.
Festival iştirakçısı Mirnur Abuşzadə "Report"un yerli bürosuna açıqlamasında bildirib ki, belə tədbirlərin Sumqayıtda keçirilməsi gənclərin maariflənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
O qeyd edib ki, festival çərçivəsində təqdim olunan layihələr və interaktiv proqramlar iştirakçılarda şəhərsalma, ekologiya və gələcəyin şəhərləri ilə bağlı daha geniş təsəvvür formalaşdırır.
Tədbir iştirakçısı Nübar Əlizadə də festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirib.
O qeyd edib ki, tədbir çərçivəsində keçirilən təqdimatlar və ictimai müzakirələr insanlarda gələcəyin şəhərləri ilə bağlı yeni baxış formalaşdırır. Nübar Əlizadə əlavə edib ki, belə layihələr həm maarifləndirici xarakter daşıyır, həm də insanların asudə vaxtını səmərəli keçirməsinə imkan yaradır.
Qeyd edək ki, WUF13 Festivalı çərçivəsində müxtəlif şəhərlərdə silsilə tədbirlərin keçirilməsində məqsəd urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi ilə bağlı ictimai məlumatlılığın artırılmasıdır.

