IMG-LOGO

"Moody's": Neft və qaz qiymətlərinin artımı 2026-cı ildə SGC-nin nəticələrinə dəstək verəcək

12 May 2026 20:14 3 baxış
IMG

"Cənub Qaz Dəhlizi" QSC (SGC) "midstream" (qazın nəqli) seqmentinin artan payı hesabına sabit maliyyə göstəriciləri və rentabellik nümayiş etdirməyə davam edəcək, neft və qaz kotirovkalarının hazırkı artımı isə 2026-cı ildə "upstream" (kəşfiyyat və hasilat) seqmentinin nəticələrinə əlavə dəstək verəcək.

"Report" xəbər verir ki, bu proqnozları "Moody's Ratings" beynəlxalq reytinq agentliyi açıqlayıb.

""Şahdəniz" yatağında hasilatın təbii olaraq tədricən azalması ilə bağlı uzunmüddətli və böyük həcmli risklər qismən həyata keçirilən investisiya proqramı ilə kompensasiya olunur. Bu proqram 2029-cu ildən başlayaraq hasilat səviyyəsinin saxlanılmasına imkan verəcək. Eyni zamanda, Azərbaycanın digər yataqlarından əldə edilə biləcək əlavə qaz həcmləri də perspektivdə boru kəməri infrastrukturunun yüklənməsinin qorunmasına töhfə verə bilər", - "Moody's" məlumat verib.

Agentliyin məlumatına görə, SGC-nin maliyyə nəticələrinin əhəmiyyətli gəlirliliyi və davamlı proqnozlaşdırıla bilməsi ilk növbədə, "Moody's"in hesablamalarına əsasən 2025-ci ildə şirkətin EBITDA göstəricisinin təqribən 65 %-ni (nəqliyyat xərclərinin qrupdaxili eliminasiyaları nəzərə alınmadan) formalaşdıran yüksək marjalı "midstream" seqmentinin sabit fəaliyyəti ilə izah olunur.

"Qazın nəqli üzrə uzunmüddətli sazişlər "ship-or-pay" müddəalarını ehtiva edir, tarif indeksasiyasını nəzərdə tutur və xərclərin kompensasiyası mexanizmlərini daxil edir, bu da müxtəlif xammal dövrləri ərzində şirkətin maliyyə göstəricilərinin qorunub saxlanmasını təmin edir. "Şahdəniz" yatağından tədarük şərtlərini müəyyən edən qaz satışı üzrə uzunmüddətli müqavilələr də tələblə bağlı riskləri minimuma endirən "take-or-pay" öhdəliklərini özündə birləşdirir. Bununla belə, qeyd olunan müqavilə qorunma mexanizmlərinin mövcudluğuna baxmayaraq, SGC hələ də fəaliyyətinin "upstream" istiqaməti vasitəsilə xammal qiymətlərinin dəyişikliyinin təsirinə, eləcə də hasilat platosuna çatmış, irimiqyaslı olsa da, yeganə hasilat aktivindən asılılıqdan irəli gələn risklərə məruz qalır", - məlumatda bildirilib.

"Moody's" qeyd edir ki, SGC-nin sabit əməliyyat nəticələri balanslaşdırılmış investisiya ehtiyacları ilə tamamlanır, bu da şirkətin maliyyə vəziyyətini möhkəmləndirir.

"Sərbəst pul axınının əhəmiyyətli dərəcədə generasiyası, borc yükünün genişmiqyaslı azalması ilə birlikdə kredit göstəricilərinin nəzərəçarpacaq dərəcədə möhkəmlənməsini təmin edib: "Moody's" tərəfindən düzəliş edilmiş borc/EBITDA əmsalı bir il əvvəlki "2,4x" ilə müqayisədə 2024-2025-ci illərdə "1,3x"ə qədər azalıb. Gözlənilir ki, 2026-cı ilin mart ayına planlaşdırılmış 2 milyard ABŞ dolları həcmində avroistiqrazları üzrə birdəfəlik ödənişindən sonra bu göstərici 2026-2027-ci illərdə "1,0x"dən aşağı düşəcək", - agentlik vurğulayıb.

"Moody's" reytinq agentliyi belə qənaətə gəlib ki, SGC dividend siyasətinin son şəkildə təsdiqlənməsinin ardınca səhmdarlara dividend ödənişlərinin vaxtında başlamaq niyyətindədir. Dividendlərin paylanmasının illik pul axınlarının generasiyasının əhəmiyyətli hissəsini özündə cəmləyə bilməsinə baxmayaraq, şirkətin güclü maliyyə profilini və yüksək kredit göstəricilərini saxlaya biləcəyi ehtimal olunur.

"SGC hazırkı borc yükü səviyyələrində mühüm maliyyə davamlılığı ehtiyatına, eləcə də qısamüddətli faizli investisiyaları əhatə edən əhəmiyyətli nağd pul ehtiyatına sahibdir. Borca xidmət göstərilməsi ilə bağlı xərclərin aşağı səviyyədə olması şirkətin yüksək likvidlik göstəricilərinin saxlanılmasında əlavə dəstəkləyici amil kimi çıxış edir", - açıqlamada qeyd olunub.

Xəbər lenti