NATO-nun avropalı müttəfiqləri Hörmüz boğazının blokadası səbəbindən ABŞ və İran arasında yarana biləcək eskalasiya ehtimalına qarşı qüvvələrin və "kritik imkanların" Yaxın Şərqə köçürülməsini müzakirə edir.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Podqoritsada Monteneqronun Baş naziri Miloyko Spaiçlə birgə mətbuat konfransında bildirib.
Alyansa üzv ölkələrin bazalarından Yaxın Şərqdəki əməliyyatlar üçün istifadə oluna biləcəyi ilə bağlı bu yaxınlarda verdiyi bəyanatla əlaqədar sualı cavablandıran Rütte təfərrüatları açıqlamayıb, lakin faktiki olaraq mümkün əməliyyatın növbəti mərhələsi üçün infrastruktur və logistikanın hazırlandığını təsdiqləyib.
"Hazırda növbəti mərhələ üçün zəruri olan kritik vacib imkanların bilavasitə boğazda deyil, əməliyyat zonasının yaxınlığında əvvəlcədən yerləşdirilməsi üçün nəhəng işlər gedir", - Rütte qeyd edib.
Onun sözlərinə görə, ABŞ avropalı müttəfiqlərindən regiondakı vəziyyətə görə üzərlərinə daha çox məsuliyyət götürmələrini tələb edir. Bu təşəbbüsü təxminən 40 ölkənin iştirakı ilə Fransa və Böyük Britaniya əlaqələndirir.
Rütte həmçinin ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə NATO-nun gələcəyi ilə bağlı şübhələri aradan qaldırmağa çalışaraq bildirib ki, məhz onun təzyiqi müttəfiqləri müdafiə xərclərini kəskin şəkildə artırmağa məcbur edib.
"NATO-nun hazırda son dərəcə güclü olduğunu deyə bilərik", - baş katib alyans ölkələrinin müdafiə xərclərini ÜDM-nin 5 %-nə qədər artırmaq qərarını xatırladıb.
Rüttenin bəyanatları İran ətrafında gərginliyin artması, alyans daxilində hərbi yükün ABŞ və avropalı müttəfiqlər arasında yenidən bölüşdürülməsi barədə müzakirələrin güclənməsi fonunda səslənib.