Özbəkistan 2030-cu ilə qədər kənd təsərrüfatı istehsalını 20 % artırmağı hədəfləyir.
"Report" xəbər verir ki, bunu Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Sığorta Fondunun direktoru Muratjan Açilov bu gün Bakıda keçirilən "Risklərə qarşı aqrar sığorta çətiri" adlı Forumda deyib.
Onun sözlərinə görə, yeni yaradılmış fond sistemin əlaqələndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində mühüm rol oynayır: "2025-ci ildə Özbəkistan kənd təsərrüfatı sığortası üçün tam hüquqi baza yaradıb. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında xüsusiləşdirilmiş kənd təsərrüfatı sığorta fondu təsis edilib. Bu fond sistemi əlaqələndirir, fermerləri dəstəkləyir, maliyyə itkilərini azaldır və beynəlxalq qabaqcıl təcrübələri tətbiq edir. Sistem pambıq, taxıl, meyvə və istixana məhsulları kimi əsas bitkiləri əhatə edir. Fermerlər onlayn qeydiyyatdan keçə, sığorta müqavilələrini rəqəmsal imzalaya bilərlər və məlumatlar avtomatik işlənilir".
Direktor bildirib ki, dövlət tərəfindən tətbiq edilən güzəştlər sığortanı fermerlər üçün daha əlçatan edir: "Dövlət sığorta haqlarının 50 %-ə qədərini qarşılamaqla fermerlərə dəstək olur və sığortanı daha əlçatan edir. Monitorinq müasir texnologiyalardan, o cümlədən peyk məlumatlarından və rəqəmsal platformalardan istifadə edilməklə, müstəqil ekspertlərlə birlikdə həyata keçirilir. Artıq 200-ə yaxın müstəqil ekspert təlim keçib və bu iş davam edir. 2030-cu ilə qədər biz kənd təsərrüfatı istehsalını ən azı 20 % artırmağı və sığorta əhatəsini 50 %-ə çatdırmağı hədəfləyirik. Bu sistem kənd təsərrüfatını daha sabit etməyə, fermerləri qorumağa və ərzaq təhlükəsizliyini yaxşılaşdırmağa kömək edəcək. Biz beynəlxalq əməkdaşlığı genişləndirməyə və bütün tərəfdaşlarla birgə işləməyə hazırıq".