IMG-LOGO

FAO: Azərbaycan gəncləri kənd təsərrüfatına aqrobiznes kimi yanaşmalıdır

07 May 2026 16:48 4 baxış
IMG

Azərbaycanda gənclərin kənd təsərrüfatına aqrobiznes prizmasından yanaşması zəruridir.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Muhammad Nasar Bakıda təşkil edilən "Risklərə qarşı aqrar sığorta çətiri" adlı Forumda bildirib.

Onun fikrincə, müasir dövrün problemlərinin aradan qaldırılması yalnız hökumətlərin, beynəlxalq qurumların və ya özəl sektorun ayrı-ayrılıqda fəaliyyəti ilə reallaşa bilməz:

"Bu gün dünya və bəşəriyyət olduqca ciddi çağırışlarla qarşı-qarşıyadır. Bu problemləri heç bir qurum təkbaşına aradan qaldıra bilməz. Hökumətlər, beynəlxalq təşkilatlar və özəl sektor birgə səy göstərməlidir. Hazırda dünya əhalisinin təqribən 40 %-i kənd ərazilərində məskunlaşıb, lakin 2050-ci ilədək bu rəqəmin 30 %-ə düşəcəyi gözlənilir".

O qeyd edib ki, kənddən şəhərə axının başlıca səbəblərindən biri gənclərin aqrar sahəni cəlbedici hesab etməməsidir: "Gənclərin böyük hissəsi kənd təsərrüfatını babalarının məşğul olduğu köhnə fəaliyyət sahəsi kimi qəbul edir. Halbuki bu sektor artıq müasir texnologiyalar və innovasiyalarla zənginləşən inkişaf etmiş sahəyə çevrilib. Kənd təsərrüfatına aqro-sahibkarlıq nöqteyi-nəzərindən baxmaq lazımdır. Aqrar sahə artıq sadəcə güzəran vasitəsi deyil, tam mənada biznesdir. Fermerlər mağaza sahibləri, şirkət rəhbərləri və restoran biznesi kimi düşünməlidirlər. Bu sahədə iqtisadiyyat, maliyyə, bank işi, mühasibatlıq və idarəetmə prinsipləri əhəmiyyətli rol oynayır".

FAO-nun nümayəndəsi həmçinin Azərbaycan universitetlərinin tələbələrinə təşkilatda praktika keçmək üçün şərait yaratmağa hazır olduqlarını ifadə edib: "Ofisimiz kiçikdir və çoxsaylı tələbəni qəbul etmək imkanımız məhduddur. Lakin mümkün qədər çox gəncin praktiki biliklər əldə etməsinə dəstək verməyə çalışacağıq", - deyə o əlavə edib.

Xəbər lenti