Azərbaycanda son aylar hökm sürmüş əlverişsiz hava şəraiti aqrar sektora 13 milyon manat ziyan vurub
"Report" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün Bakıda keçirilən "Risklərə qarşı aqrar sığorta çətiri" adlı Forumda bildirib.
Onun sözlərinə görə, zərərçəkmiş fermerlərdən artıq minlərlə hektar sahəyə dair müraciətlər daxil olub: "Bu ilin əvvəlindən bəri müşahidə etdiyimiz qeyri-sabit hava durumu, yəni şaxtalar, intensiv yağıntılar bir daha göstərir ki, aqrar istehsal davamlı deyil, daimi təhdid və risk altındadır. İlin əvvəlindən 9 000 hektar əkin ərazilərinə tam və yaxud qismən ziyan dəydiyi barəsində müraciətlər daxil olub. Bunun 8 000 hektarı yalnız aprel ayında bizim şimal bölgələrimizdə, Qubada, Xaçmazda, Şabranda baş verən sel və subasmalar nəticəsində olub".
Sədr təbii fəlakətlərin kənd təsərrüfatına vurduğu maliyyə itkilərinin miqyasını da açıqlayıb: "Fermerlərimiz 3 ay normal fəaliyyətini davam etdirirlər, 4-cü ay bir hadisə baş verir və kifayət qədər ciddi itkilərlə üz-üzə qalırlar. Bu hadisələr nəticəsində artıq bir 13 milyon manatlıq aqrar istehsala tam və yaxud qismən ziyan dəydiyi barəsində məlumat var. Bu fakt göstərir ki, istehsalçının maliyyə dayanıqlığına birbaşa mənfi təsir baxımından sığorta mexanizmlərinin əhəmiyyəti getdikcə artır".