Azərbaycanda aqrar sığorta sahəsində gənc kadrların hazırlanması strateji əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu gün Bakıda keçirilən "Risklərə qarşı aqrar sığorta çətiri" adlı forumda bildirib.
Onun sözlərinə görə, aqrar sığorta yalnız maliyyə mexanizmi deyil, müxtəlif elm sahələrinin kəsişməsində dayanan geniş bir platformadır: "Aqrar sığorta yalnız sığorta işi deyil. Bu sahə iqtisadiyyat, hüquq, kənd təsərrüfatı, coğrafiya, hidrometeorologiya, ekologiya, informasiya texnologiyaları və data analitikasını birləşdirən geniş bir istiqamətdir. Gələcəyin mütəxəssisi həm fermerin ehtiyaclarını anlamalı, həm riskləri düzgün qiymətləndirməli, həm də müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır".
Rektor qeyd edib ki, yüksək ixtisaslı kadr təminatı üçün müvafiq qurumlar arasında sıx əməkdaşlıq mühitinin formalaşdırılması zəruridir: "Bu baxımdan tələbələr üçün təcrübə proqramlarının, birgə tədqiqatların, təlimlərin və sahə araşdırmalarının təşkili mühüm əhəmiyyət daşıyır. Dövlət qurumları, universitetlər, fondlar, özəl sektor və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq genişləndikcə bu sahəyə daha hazırlıqlı, bilikli və çevik gənc mütəxəssislər gələcək".