IMG-LOGO

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli - ŞƏRH

05 May 2026 12:51 5 baxış
IMG

4 may tarixində İtaliya Nazirlər Şurasının Sədri Corciya Meloninin Bakıya rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü iki ölkə arasındakı münasibətlərin son illərdə qazandığı strateji dərinliyin məntiqi davamıdır. İtaliya rəsmisinin İrəvandan birbaşa Bakıya səfər etməsi isə diplomatik dildə müəyyən məna daşıyır və kifayət qədər mesaj ehtiva edən jest kimi dəyərləndirilməlidir. Bu uçuş göstərir ki, Cənubi Qafqazda balanslı siyasət aparan İtaliya əslində regional gündəmin məhz Bakıda formalaşdığını, gündəmin mərkəzində Azərbaycanın dayandığını qəbul edir.

Bu da Azərbaycanın regionda və dünyada artan nüfuzunun və təsirinin etirafı sayılır. Yəni, Cənubi Qafqazda post-münaqişə dövrünün yeni reallıqları fonunda Bakının artan rolu və təsir imkanları artıq təkcə regional aktorlar tərəfindən deyil, Avropanın aparıcı siyasi fiqurları tərəfindən də qəbul edilib. Meloninin İlham Əliyevlə apardığı danışıqlar, verilən açıqlamalar da göstərir ki, Azərbaycan prosesləri istiqamətləndirən tərəf kimi qəbul edilib. Bu səfər həm də sübut edir ki, regionda davamlı sülh, iqtisadi əməkdaşlıq və kommunikasiya xətlərinin açılması kimi fundamental məsələlər Azərbaycanın iştirakı və mövqeyi nəzərə alınmadan mümkün deyil.

Digər tərəfdən isə Corcia Meloninin səfəri son illərdə formalaşan siyasi xəttin davamıdır. 2020-ci ildə Azərbaycan Prezidentinin İtaliyaya səfəri ilə iki ölkə arasında münasibətlər yeni müstəviyə qədəm qoydu. Bu səfər çərçivəsində sənədlər imzalandı, yüksəksəviyyəli görüşlər keçirildi və strateji tərəfdaşlığa addım atıldı. Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən Zirvə toplantısında da iki dövlət başçısı arasında keçirilən görüş sübut etdi ki, Azərbaycan-İtaliya münasibətləri artıq ikitərəfli çərçivəni aşıb və Avropa enerji təhlükəsizliyi, enerji təminatı və regional sabitlik kimi məsələlərin bir hissəsinə çevrilib. Xüsusilə Avropanın enerji şaxələndirməsi siyasəti fonunda Azərbaycanın rolu, İtaliyanın isə bu prosesdə əsas tranzit və tərəfdaş ölkələrdən biri kimi çıxış etməsi bu əlaqələri strateji zərurət səviyyəsinə yüksəltdi.

Bu səbəbdən də Meloninin səfəri göstərir ki, münasibətlər artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret iqtisadi layihələr, investisiya imkanları, sənaye əməkdaşlığı və post-münaqişə dövründə bərpa proseslərində iştirak kimi praktik istiqamətlərlə zənginləşir. Bundan əlavə, İtaliyanın da Azərbaycan üçün əsas ticarət tərəfdaş olması, Azərbaycanın Avropaya ixrac etdiyi enerji məsələsində aparıcı rol oynaması da göstərir ki, iki ölkə arasında münasibətlər sadəcə iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Artıq Azərbaycanla İtaliya münasibətləri geoiqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Qısacası, Meloninin Bakıya səfəri Azərbaycanla İtaliya arasında münasibətlərin enerji, ticarət, sənaye və infrastruktur inteqrasiya mərhələsinə daxil olduğunu və tərəflərin uzunmüddətli qarşılıqlı maraqlar əsasında əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqlarını nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, görüş zamanı səsləndirilən bəyanatlar, verilən açıqlamalar da göstərir ki, bu səfər adi ikitərəfli protokol hadisəsi deyil, daha çox regiona və qlobal aktorlara mesajlar ehtiva edir.

İlk olaraq, bu görüş və açıqlamalar Avropaya enerji təhlükəsizliyi xəttinin möhkəm olması ilə bağlı bir mesajdır. Yəni, Azərbaycan artıq Avropanın enerji arxitekturasında alternativ yox, sistem yaradan əsas sütunlardan biridir. Bu sistemdə isə İtaliya Avropa üçün açar rolunu oynayır. Həm də məhz İtaliyanın enerji təhlükəsizliyini təmin edən ikinci əsas tərəfdaş Azərbaycandır. 2025-ci ildə Azərbaycanın İtaliyaya qaz ixracının 10 milyard kubmetrə çatması, ümumilikdə isə Cənub Qaz Dəhlizi vasitəsilə bu ölkəyə yönələn tədarükün 50 milyard kubmetrə yaxınlaşması Bakı ilə Roma arasında formalaşmış enerji körpüsünün artıq sabit və institusional xarakter daşıdığını göstərir.

Bu göstəricilər sadəcə ticarət statistikası deyil, Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi siyasətində Azərbaycanın oynadığı rolun real ölçüsüdür. Qeyd edək ki, iki ölkə arasında enerji sektoru üzrə əməkdaşlı sadəcə təbii qazla məhdudlaşmır. Azərbaycan İtaliyanın neft təchizatında da ikinci əsas tədarükçü kimi çıxış edir. Bu isə öz növbəsində iki ölkənin enerji münasibətlərinə əlavə dayanıqlılıq qazandırır. Yəni, Bakı və Roma arasındakı bu enerji xətti təkcə ikitərəfli iqtisadi əməkdaşlıq deyil, Avropanın geoiqtisadi sabitliyinin əsas dayaqlarından biri kimi çıxış edir. Bu kontekstdə verilən siyasi mesaj kifayət qədər aydındır: Azərbaycan Avropa üçün etibarlı, proqnozlaşdırılan və uzunmüddətli enerji tərəfdaşıdır, İtaliya isə bu əməkdaşlığın Avropaya inteqrasiyasında əsas qapılardan biridir. Bu isə öz növbəsində, qitənin enerji təhlükəsizliyində yeni güc balansının məhz belə tərəfdaşlıqlar üzərində qurulduğunu göstərir.

İlham Əliyev və Corcia Meloninin görüşü Cənubi Qafqazda yeni reallıqların qəbul olunduğu regional mesaj da ehtiva edir. Yəni, İtaliya kimi Avropa dövlətinin Azərbaycanla bu səviyyədə münasibət qurması regionda post-müharibə dövründə yaranmış yeni siyasi-iqtisadi reallıqların qəbul edildiyini göstərir. Azərbaycanın son illər irəli sürdüyü bərpa, reinteqrasiya, kommunikasiya xətlərinin açılması ilə bağlı təşəbbüslər artıq beynəlxalq tərəfdaşlar tərəfindən də dəstəklənən əsas xəttə çevrilir. Bunu Bakıya bir sıra ölkə rəsmilərinin çoxsaylı səfərləri, aparılan danışıqlar da sübut edir. Meloninin səfərinə də bu prizmadan yanaşmaq lazımdır: Azərbaycanın regiondakı aparıcı rolu faktiki təsdiqlənir. Bu, xüsusilə Ermənistan və digər regional aktorlar üçün aydın siqnaldır: Cənubi Qafqazda formalaşan yeni nizam Bakı ilə əməkdaşlıq və onun təşəbbüslərinin nəzərə alınması üzərində qurulur. Bu mesajı gücləndirən mühüm məqamlardan biri də Azərbaycan-İtaliya əməkdaşlığının artıq yalnız iqtisadi və enerji sahəsi ilə məhdudlaşmaması, hərbi-texniki müstəviyə də keçid etməsidir.

Son dövrdə Azərbaycan müdafiə nazirinin İtaliyaya səfəri, tərəflər arasında müdafiə sənayesi və təhlükəsizlik sahəsində aparılan danışıqlar bu istiqamətdə əlaqələrin formalaşdığını göstərir. Azərbaycanın Hərbi Hava Qüvvələri üçün İtaliyadan yük təyyarələrinin alınması isə əməkdaşlığın konkret və praktik nəticələr verdiyini nümayiş etdirir. Bu, eyni zamanda onu göstərir ki, Bakı yalnız iqtisadi tərəfdaş kimi deyil, həm də təhlükəsizlik və müdafiə sahəsində etibarlı tərəfdaş kimi qəbul olunur.

Ölkə başçılarının Qərbə verdiyi digər mesaj isə Azərbaycanın yalnız enerji ölkəsi olmaması ilə bağlı idi. İlham Əliyev və Corcia Meloninin görüşü zamanı sənaye kooperasiyası, infrastruktur quruculuğu, investisiya axınları və post-münaqişə dövründə Qarabağda həyata keçirilən layihələrin müzakirəsi sübut edir ki, Azərbaycan Qərb üçün təkcə xammal mənbəyi deyil. Eyni zamanda çoxşaxəli iqtisadi layihələr və logistika platforması kimi də qəbul edilir. Bu yanaşma Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat dəhlizləri üzərindəki rolu və regionda formalaşdırdığı yeni iqtisadi mühitlə birbaşa bağlıdır. Bakı təkcə resurs ixrac edən ölkə deyil, eyni zamanda dəyər yaradan və layihə idarə edən tərəfdaşdır. Bu kontekstdə İtaliya şirkətlərinin Azərbaycanda artan fəallığı xüsusi diqqət çəkir.

Həyata keçirilən iri miqyaslı layihələrdə məhz İtaliya biznes subyektlərinin üstünlük təşkil etməsi iki ölkə arasında formalaşmış yüksək etimad mühitinin və qarşılıqlı maraqların göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində, eləcə də Mingəçevirdə həyata keçirilən sənaye və infrastruktur layihələrində İtaliya şirkətlərinin fəal iştirakı bu əməkdaşlığın coğrafi və sektor baxımından genişləndiyini göstərir. Zəfər muzeylərinin layihələndirilməsi prosesində İtaliya şirkətlərinin yaxından iştirakı Azərbaycanın post-münaqişə dövründə formalaşdırdığı yeni narrativin və dövlət quruculuğu modelinin beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirildiyini göstərir.

Beləliklə, Azərbaycan-İtaliya əməkdaşlığı timsalında Qərbə verilən mesaj kifayət qədər aydındır: Azərbaycanla tərəfdaşlıq yalnız resurs əldə etmək deyil, eyni zamanda böyükmiqyaslı layihələrdə iştirak etmək, yeni iqtisadi məkanın formalaşmasında yer almaq və Cənubi Qafqazın gələcək inkişaf modelinin bir hissəsinə çevrilmək deməkdir.

Qlobal parçalanma, geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklərin artdığı bir dövrdə bu cür yüksək səviyyəli görüşlər göstərir ki, İlham Əliyev tərəfindən aparılan çoxvektorlu xarici siyasət xətti uğurla davam edərək daha praktik və nəticəyönümlü mərhələyə keçib. Azərbaycan bir tərəfdən Avropa ölkələri ilə strateji tərəfdaşlığı dərinləşdirir, digər tərəfdən isə müxtəlif regional və qlobal güc mərkəzləri ilə balanslı münasibətlərini qoruyaraq diplomatik manevr imkanlarını genişləndirir. Bu yanaşma ölkənin beynəlxalq sistemdə tək bir istiqamətə bağlanmadığını, əksinə, bir neçə tərəfli əməkdaşlıq modeli üzərində hərəkət etdiyini göstərir...

Kamil Məmmədov

Xəbər lenti