IMG-LOGO

FAO: Azərbaycanda aqrar sektorun üzləşdiyi əsas çətinliklər iqlim dəyişikliyi ilə bağlıdır

05 May 2026 11:39 6 baxış
IMG

Azərbaycanda aqrar sektorda iqlim dəyişikliyinin fəsadlarına qarşı innovativ texnologiyaların tətbiqi əsas prioritetə çevrilib.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda aqrar sektorun üzləşdiyi bəzi əsas çətinliklər iqlim dəyişikliyi ilə bağlıdır: "İqlim dəyişikliyi ilə əlaqədar su ehtiyatlarının azalması və torpağın sağlamlığının pisləşməsi nəticəsində sektor bəzi ciddi çətinliklərlə qarşılaşır. Ona görə də biz Kənd Təsərrüfatı Nazirliyi, eləcə də icmalar və akademik dairələr, universitetlərlə birlikdə Azərbaycanda kənd təsərrüfatının davamlı böyüməsi üçün həll yolları tapmaq üzərində işləyirik. 2050-ci ilə qədər dünya əhalisi əhəmiyyətli dərəcədə artacaq və qidalandırmalı olduğumuz daha çox insan olacaq. Buna görə də biz az resursla daha çox məhsul istehsal etməyi öyrənməliyik".

M.Hayat kənd təsərrüfatı sərgisinin əməkdaşlığın genişləndirilməsində müstəsna rolunu da vurğulayıb: "Bu, kənd təsərrüfatı sektorunda çalışanları, biznesləri, ekspertləri, ixracatçıları, idxalçıları, texnologiya şirkətlərini - bu sektorun inkişafı üçün çalışan bütün əsas maraqlı tərəfləri bir araya gətirən ən mühüm tədbirlərdən biridir. Çünki biz burada ideyaları və həll yollarını müzakirə edir, hər növ ekspertlərlə birlikdə çalışır, kənd təsərrüfatı sektorunun həm qlobal miqyasda, həm də Azərbaycanda üzləşdiyi çətinliklərə praktik həll yolları tapırıq".

Xəbər lenti