Mərkəzi Asiya və Qafqazın rəqəmsal transformasiyası bu gün milli strategiyaların hüdudlarından kənara çıxaraq regionun vahid texnoloji mənzərəsini formalaşdırır. IT ixracının sürətli artımı və süni intellektin tətbiqi şəraitində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığı yeni "Rəqəmsal İpək Yolu"nun - Avropa ilə Asiya arasında iddialı körpünün yaradılması üçün təməl rolunu oynayır.
Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov "Report"a müsahibəsində birgə rəqəmsal dəhlizin yaradılması perspektivləri, süni intellekt mərkəzlərinin inşası barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Cənab nazir, Özbəkistan IT xidmətlərinin ixrac dəyərini 5 milyard ABŞ dollarına çatdırmağı hədəfləyib. Azərbaycanla birgə hər iki ölkənin IT şirkətlərinin Aİ və Yaxın Şərq bazarlarına daha səmərəli çıxışı üçün ortaq infrastruktur və vergi güzəştlərindən (IT Park və Baku ID) istifadəyə imkan verən "rəqəmsal dəhliz"in yaradılması üçün potensial görürsünüzmü?
- Həm nazirliklər, həm də IT parklarımız səviyyəsində həmkarlarımızla çox sıx münasibətlərimiz formalaşıb. Qurumlarımız artıq sizin qeyd etdiyiniz məsələlərdə fəal əməkdaşlıq edir. Xüsusilə, biz irimiqyaslı beynəlxalq konfranslarda birgə çıxış edirik. Bu, nəinki böyük məbləğdə vəsaitə qənaət etməyə, həm də regionumuzu vahid bir məkan kimi təqdim edərək, investorların diqqətini daha çox cəlb etməyə imkan verir. Belə bir tərəfdaşlığın təməli ölkələrimizin liderləri tərəfindən qoyulub.
Bu, sinerji axtarışı üçün böyük imkanlar yaradır. Hazırda qarşılıqlı dəstək sistemimiz mövcuddur: biz Azərbaycan startapları üçün Özbəkistan seqmentində, Özbəkistan startapları üçün isə Azərbaycan seqmentində yeni imkanları təmin edirik. Bu cür "rəqəmsal dəhliz" bizim üçün son dərəcə önəmlidir. Bu, həmçinin Xəzər dənizinin dibindən sualtı kabelin çəkilməsi layihəsinə də aiddir. Özbəkistanda əsas müştəriləri Avropada olan çoxsaylı data mərkəzləri yaradılır. Onların işini təmin etmək üçün etibarlı optik lif şəbəkələri tələb olunur və bu cür kabel sistemləri bütün region üçün kritik əhəmiyyətə malikdir.
- Azərbaycandan olan tərəfdaşlarla birgə həyata keçirilən "Rəqəmsal İpək Yolu" layihəsi Azərbaycanı Avropa ilə Asiya arasında tranzit rəqəmsal mərkəzə çevirir. Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyi data mərkəzlərinin inkişaf strategiyasını bu yeni magistralla necə sinxronlaşdırmağı planlaşdırır və Bakı ilə regionumuzda rəqəmsal ticarətin sadələşdirilməsi üçün vahid virtual məlumat məkanının yaradılması müzakirə olunurmu?
- Bu cür telekommunikasiya şəbəkələri bütün regionun inkişafı üçün zəruridir, çünki istənilən məlumatlar onlar vasitəsilə ötürülür. Bu cür magistralların sayı nə qədər çox olarsa, rəqəmsal axınların fasiləsiz keçidi üçün imkanlar bir o qədər geniş olacaq.
Bu gün region ölkələri süni intellekt sahəsində data-mərkəz infrastrukturunun yaradılmasında iddialıdır. Məsələn, Qaraqalpaqstan Muxtar Respublikasında belə obyektlər üçün xüsusi iqtisadi zona yaradılır, burada ciddi vergi güzəştləri və elektrik enerjisinə xüsusi tariflər nəzərdə tutulub. Bu güclərin əsas istehlakçıları Avropa ölkələrindədir. Onların xidmətlərimizdən istifadə edə bilməsi üçün bizə dost dövlətlərin ərazisindən, ilk növbədə, Azərbaycandan keçən etibarlı rabitə kanalları lazımdır.
- Şerzod müəllim, 2026-cı ildə ölkələrimiz dövlət sektorunda və sənayedə süni intellektin fəal şəkildə tətbiqinə başlayıb. Türk dilləri üçün dil modellərinin öyrədilməsi və "ağıllı şəhərlər" üçün ortaq həllərin yaradılması məqsədilə Azərbaycanla birgə elmi-tədqiqat laboratoriyasının və ya məlumat mübadiləsi platformasının (Data Exchange Platform) yaradılması imkanı nəzərdən keçirilirmi?
- Əlbəttə, bu istiqamətdə genişmiqyaslı iş aparılır. Süni intellekt hamımız üçün nisbətən yeni bir sahədir və biz dostlarımızla daim təcrübə mübadiləsi aparırıq. Nazirliklər və müvafiq təşkilatlar arasındakı etibarlı münasibətlər sayəsində birbaşa dialoq qurmuşuq. Bizim Xarici İşlər Nazirliyi vasitəsilə rəsmi rabitə kanallarından istifadə etməyə və ya uzun müddət icazə gözləməyə ehtiyacımız yoxdur - biz messencerlər vasitəsilə real vaxt rejimində əlaqə saxlayaraq istənilən məsələni operativ şəkildə müzakirə edə bilirik.