IMG-LOGO

Müxtəlif korrupsiya qalmaqalları Avropa Parlamentində şəffaflıqla bağlı ciddi suallar doğurub - RƏY

04 May 2026 13:47 6 baxış
IMG

Luis Okamponun erməni lobbisinin maliyyəsi ilə layihələr icra etməsi artıq məlumdur. O, sosial mediada qarayaxma kampaniyalarının təşkili ilə bağlı təcrübələrini COP29 zamanı da Azərbaycana qarşı tətbiq edib.

Bununla bağlı "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O qeyd edib ki, kampaniyanın əsas məqsədləri ölkənin nüfuzunu aşağı salmaq, tədbirin Bakıda keçirilməsinin qarşısını almaq, xarici ölkə rəsmilərini iştirakdan çəkindirmək, Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək və ölkəmizdə həbsdə olan erməniəsilli müharibə cinayətkarlarının azad olunmasına nail olmaq idi:

"Kampaniya öncədən müəyyən edilmiş saatlarda, hazırlanmış materiallarla, verilən həştəqlər, tezislər üzrə mütəmadi aparılırdı. Bu da sistemli və şəbəkələşmiş yanaşmanın əsas sübutu idi. Sistemli və şəbəkəli yanaşmanın digər bariz sübutları Okamponun hər hansı "X" postunu paylaşan zaman mesaj qutusuna avtomatik olaraq kampaniyada fəaliyyətlə bağlı sistemli iştirak üçün hansı mərhələ və istiqamətlərdən – həştəqlərdən, ifadələrdən, mesajlardan istifadə olunması barədə, əlavə olaraq digər "tapşırıqlar" göndərilirdi.

Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo şəbəkədə əsas görünən üz, tezislərin hazırlanmasında, paylanmasında ön cəbhədə iştirak edən şəxsdir".

Deputat vurğulayıb ki, Okampo 2024-cü il sentyabrın 6-da "armenianweekly.com" vebsaytına verdiyi eksklüziv müsahibədə bir qrup erməni əsilli şəxslərin onu bu kampaniyaya başçılıq etməsinə dəvət etdiyini etiraf etmişdi:

"Okamponu birbaşa bu kampaniyaya başçılıq etməyə dəvət edən Mario Nalpatian olub. Mario Nalpatian Daşnaksütyun partiyasının üzvü, ANCA təşkilatının vitse-prezidentidir. Bu da özlüyündə Okamponun birbaşa "ANCA"dan tapşırıq aldığını və separatçılığı dəstəklədiyini sübut edir.

Rəqəmsal dünya necə döyüş meydanına çevrildi? Xarici qüvvələr bilir ki, bu gün ölkələrdə ictimai rəyə təsir etmək çətin deyil, sadəcə sosial mediadakı süni intellekt botlarıyla o ölkənin daxilində həssas mövzuları qızışdırırlar. İnsanları bir-birinə düşmən edirlər. Alqoritmlər də onsuz da insanı ən çox qəzəbləndirən məzmunu göstərməyə proqramlaşıb. Beləliklə, ölkənin institutlarına inamı zəiflətməyə, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bu gün nizamlanması olduqca çətin olan süni intellektlə bu, mümkündür".

P.Vəliyeva onu da əlavə edib ki, Avropa parlamenti daxilində üçüncü tərəflərin mövqelərini səsləndirən maraq qrupları və lobbiçilər fəaliyyət göstərir:

"Son illərdə baş vermiş müxtəlif korrupsiya qalmaqalları Avropa Parlamentində şəffaflıqla bağlı ciddi suallar doğurub. Bu qalmaqallar fonunda diqqət çəkən məqam ondan ibarətdir ki, vaxtilə Azərbaycanı müəyyən məsələlər üzrə ittiham edən bəzi deputatlar sonradan özləri istintaqa cəlb olunmuşlar. Bu faktlar institutun özünün etibarlılığını itirdiyini və daxildə müəyyən problemlərlə üzləşdiyini göstərir. Eyni zamanda, zaman-zaman Rusiya ilə şübhəli əlaqələrin ifşası bu qurumun nüfuzuna xələl gətirir.

Bu gün seçici qarşısında heç bir məsuliyyəti olmayan, seçkidə uğursuz olmuş siyasətçilərin yığma komandası olan Avropa Parlamentinin də Okampo kimi siyasi alətlərlə iş birliyinin olması daha bir korrupsiya skandalıdır. Avropa İttifaqına üzv ölkələr bu cür əməlləri qətiyyətlə qınamalı, Argentina parlamenti bu cür rüşvət cinayətlərinə qarışmış, digər dövlətlərin daxili işlərinə qarışmağa cəhd edən şəbəkənin baş icraçısı Argentina vətəndaşı Luis Moreno Okamponun əməllərinin araşdırılmasına çağırışlar etməlidir".

Qeyd edək ki, Minval Politika BMT Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun süni intellektdən (Sİ) istifadə etməklə Azərbaycana qarşı qaralama kampaniyası keçirmək planları ilə bağlı video və audio yazılarını dərc etməyə davam edir. Son yayılan deşifrələrdən belə nəticə çıxır ki, Okampo və onun şərikləri Azərbaycana qarşı dipfeyklərin və digər texnoloji manipulyasiya alətlərinin iştirak etdiyi mexanizmləri yerləşdirməyi planlaşıblar.

Xəbər lenti