Asiya İnkişaf Bankı (ADB) öz siyasi prioritetlərini nəzərdən keçirməli, ən zəif ölkələrə dəstəyi gücləndirilməli, əlçatan və etibarlı enerjiyə çıxışı genişləndirməli, həmçinin layihələrin həyata keçirilməsinin səmərəliliyini artırmalıdır.
"Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bu çağırış ABŞ maliyyə naziri Skott Bessentin ADB-nin Direktorlar Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən işgüzar sessiyadakı müraciətində öz əksini tapıb.
Müraciətdə vurğulanır ki, ADB-nin dəstəyi inkişaf etməkdə olan üzv ölkələrin özünütəminat qabiliyyətinin gücləndirilməsinə töhfə verməli, bankın özü isə ölkələrin borcalanlar sırasından çıxarılması siyasətinə daha ciddi və obyektiv yanaşmalıdır. Qeyd olunur ki, Çin və Malayziya kimi iqtisadiyyatlar artıq çoxdan borclanmanın dayandırılması meyarlarına cavab verir.
"Beynəlxalq inkişaf banklarının borcalanlar kateqoriyasından çıxış həm bank, həm də borcalan üçün uğurun son göstəricisidir. ADB-nin inkişaf ehtiyacları yüksək və bazarlara çıxışı zəif olan ölkələrə, o cümlədən aşağı gəlirli ölkələrə, münaqişə vəziyyətində olan dövlətlərə, həmçinin Sakit okeanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə daha aydın şəkildə üstünlük verməsinin vaxtı çoxdan yetişib", - müraciətdə deyilir.
Müraciətdə enerji siyasətinə xüsusi diqqət yetirilib. ABŞ ADB-nin nüvə enerjisinin maliyyələşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması qərarını alqışlayır, lakin bankı daha irəli getməyə - qazıntı yanacağı, xüsusilə də qaz layihələri daxil olmaqla, daha geniş texnoloji spektri dəstəkləməyə çağırır.
"ADB əlçatan və etibarlı enerjiyə çıxışı genişləndirməli, bazarları və layihə seçimini təhrif edən, yoxsulluq səviyyəsinin azaldılması və iqtisadi artımın stimullaşdırılması vəzifələrinə zidd ola bilən ixtiyari iqlim maliyyələşdirməsi hədəflərindən imtina etməlidir", - bəyanatda qeyd olunur.