IMG-LOGO

Deputat: Okamponun ritorikası və təşəbbüsləri onun açıq siyasi təsir alətinə çevrildiyini göstərir

30 Apr 2026 14:21 5 baxış
IMG

Son günlər beynəlxalq informasiya məkanında yayılan informasiyalar, xüsusilə Luis Moreno Okampo ilə bağlı ortaya çıxan videokadrlar regionda sülh gündəminə qarşı yönəlmiş narahatedici tendensiyaları bir daha üzə çıxarır. Özünü beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən bu şəxsin ritorikası və təşəbbüsləri artıq hüquqi çərçivədən kənara çıxaraq açıq siyasi təsir alətinə çevrildiyini göstərir

Bunu "Report"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Okamponun açıqlamalarında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, burada hüquqi arqumentlərdən çox, geosiyasi məqsədlərə xidmət edən çağırışlar üstünlük təşkil edir:

"Yayılan videolarda onun Avropa strukturlarına təsir göstərmək, xüsusilə Azərbaycanla əməkdaşlıq mexanizmlərini zəiflətmək və ya ləğv etdirmək kimi planlardan bəhs etməsi bu fəaliyyətin mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu isə artıq hüquqi mövqe yox, məqsədli siyasi təzyiq strategiyası kimi qiymətləndirilməlidir".

O vurğulayıb ki, həmin videomateriallarda Jozef Borrell kimi Avropa siyasi fiqurlarının adının çəkilməsi məsələyə əlavə siyasi çalar qatır:

"Bu kimi iddialar, hətta tam təsdiqini tapmasa belə, müəyyən dairələrin regiondakı reallıqlara ya səthi yanaşdığını, ya da qərəzli mövqe sərgilədiyini ehtimal etməyə əsas verir. Eyni zamanda, fərdi şəxslərin mövqeyinin bütövlükdə Avropa İttifaqının rəsmi siyasəti kimi təqdim olunması da düzgün yanaşma deyil və bu məsələdəki vacib detalların fərqləndirilməsi vacibdir".

S.Fətəliyevanın sözlərinə görə, Okamponun barəsində bu gün "muzdlu hüquqşünas" ifadəsini işlətmək daha doğru olardı. Çünki o, xaricdəki erməni diasporundan və lobbisindən aldığı sifarişlər əsasında beynəlxalq hüququ yanlış formada təqdim edir:

"Okamponun fəaliyyəti ətrafında səsləndirilən korrupsiya iddiaları isə onun ritorikasının motivlərini daha dərindən təhlil etməyə imkan verir. Əgər bu iddialar real faktlara söykənirsə, bu halda onun Azərbaycan əleyhinə çıxışlarının arxasında hüquqi deyil, şəxsi və ya maliyyə maraqlarının dayandığını istisna etmək olmaz. Bu isə beynəlxalq hüququn siyasiləşdirilməsi və selektiv tətbiqi ilə bağlı ciddi suallar doğurur".

S.Fətəliyevanın fikrincə, bütün bunlar xüsusilə ona görə təhlükəlidir ki, regionda məhz hazırda normallaşma prosesinin intensivləşdiyi bir mərhələ yaşanır.

"Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması istiqamətində real danışıqlar aparılır, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi mühüm məsələlər üzrə irəliləyiş müşahidə olunur. Belə bir vaxtda kənardan səsləndirilən destruktiv çağırışlar bu prosesi ləngitmək və ya pozmaq məqsədi güdə bilər", - deputat deyib.

Parlament üzvü hesab edir ki, Azərbaycanın mövqeyi isə bu fonda aydın və prinsipial olaraq qalır:

"Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh yalnız beynəlxalq hüququn fundamental prinsipləri – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında mümkündür. Azərbaycan postmünaqişə dövründə revanşist ritorikadan uzaq duraraq əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına üstünlük verir".

S. Fətəliyeva vurğulayıb ki, yayılan videolar və səsləndirilən iddialar bir daha göstərir ki, beynəlxalq hüquq və insan haqları kimi həssas mövzular bəzi hallarda siyasi alətə çevrilə bilir, bu isə həm beynəlxalq institutlara olan etimadı sarsıdır, həm də real sülh təşəbbüslərinə kölgə salır.

Qeyd edək ki, Minval Politika Luis Okamponun siyasi korrupsiyaya bulaşmasını sübut edən videogörüntülər paylaşıb.

Xəbər lenti