IMG-LOGO

Şule Kılıç: "EBRD Azərbaycanda "yaşıl enerji" üzrə yeni tenderləri dəstəkləməyə hazırdır"

28 Apr 2026 17:21 2 baxış
IMG

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan hökumətini bərpa olunan enerji mənbələri (BOEM) üzrə yeni tenderlərin keçirilməsində dəstəkləməyə davam etməyə hazırdır.

Bunu "Report"a müsahibəsində bankın Avrasiya regionu üzrə direktoru, Energetika Departamentinin rəhbəri Şule Topçu Kılıç bildirib.

"Biz Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbələri üzrə hərracın keçirilməsinə dəstək verməkdən məmnunluq duyuruq. Bu mühüm mərhələ rəqabətli və şəffaf tender prosesinin ölkədə son dərəcə əlverişli tarifləri təmin edə biləcəyini nümayiş etdirdi. Bu, həmçinin potensial investorlara Azərbaycanın bazar mexanizmləri vasitəsilə təmiz enerjinin miqyasını genişləndirməyə hazır olduğuna dair aydın bir mesajdır", - o deyib.

Regional direktor qeyd edib ki, Azərbaycan günəş və külək hesabına BOEM güclərini artırmaq potensialına malikdir:

"Lakin bunu zəruri infrastruktur, o cümlədən elektrik ötürmə şəbəkələri, regional interkonnektor və "yaşıl hidrogen" daxil olmaqla enerji saxlama həlləri ilə paralel inkişaf etdirmək vacibdir. EBRD olaraq biz "Azərbaycan 2030" strategiyasının həyata keçirilməsinə və 2050-ci ilə qədər emissiyaların 40 % azaldılması məqsədinə nail olunmasına töhfə verərək, gələcəkdə BOEM üzrə tenderlərin keçirilməsində hökuməti dəstəkləməyə hazırıq".

Xatırladaq ki, Azərbaycanda BOEM üzrə ilk hərrac 2024-cü ildə keçirilib. Tenderin predmeti 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı olub. Çinin "Universal International Holdings Limited" şirkəti hərracda qalib gəlib. Stansiyanın 2027-ci ildə istismara veriləcəyi və ildə təxminən 260 milyon kVt·s elektrik enerjisi istehsal olunacağı gözlənilir.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Xəbər lenti