İdmanda heç kim zədələrdən sığortalanmayıb.
Bu barədə "Report"a açıqlamasında Azərbaycanın böyüklərdən ibarət ağırlıqqaldırma yığmasının baş məşqçisi Sərdar Həsənov deyib.
Mütəxəssis milli üzvlərinin Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında çıxışı barədə danışıb:
"Ravin Alməmmədovun (79 kq) zədələnməsi bütün planlarımızı pozdu. Amma bu, idmandır. İdmanda isə heç kim zədədən sığortalanmayıb. Yarışa 4 idmançı ilə yollanmışdıq. Federasiya rəhbərliyi turnirə hazırlıq üçün lazımi şərait yaratmışdı. İsa Rüstəmov (71 kq) ardıcıl ikinci dəfə Avropa çempionatının gümüş medalını qazandı".
S.Həsənov Tehran Məmmədov (60 kq) və Əli Şükürlünün (110 kq) çıxışına da toxunub:
"Hər ikisi B qrupunda mübarizə aparırdılar. Fikrimcə, nəticələri daha yaxşı ola bilərdi. Əminəm ki, növbəti yarışlarda göstəricilərini yaxşılaşdıracaqlar".
Xatırladaq ki, İsa Rüstəmov (71 kq) Avropa çempionatında birdənqaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutub.