IMG-LOGO

"Abşeron Lions"un baş məşqçisi Erhan Toker: "Sabah"a qarşı üç qələbə qazanmaq çətin olacaq"

28 Apr 2026 13:51 2 baxış
IMG

"Abşeron Lions" komandasının Azərbaycan Basketbol Liqasının final seriyasında üç qələbəyə çatması çətin olacaq.

Bu barədə "Report"a komandanın baş məşqçisi Erhan Toker açıqlama verib.

Türkiyəli mütəxəssis güclü rəqiblə rəqabət aparmağa çalışacaqlarını söyləyib:

"Final seriyası digər mərhələlərdən qələbə sayına görə də fərqlənir. Burada ən tez 3 qələbə qazanan çempion olacaq. Dürüst olsaq, "Sabah"a qarşı bunu reallaşdırmaq çətin olacaq, amma biz bacardığımızı edəcəyik".

E.Toker finala vəsiqə qazandıqları üçün sevindiklərini deyib:

"Mövsümün əvvəlində əsas hədəflərimiz avrokuboklarda təsnifatı keçib qrup mərhələsində uğurla mübarizə aparmaq və Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanmaq idi. Bu baxımdan hədəflərimizə çatdığımız üçün xoşbəxtik. Bura qədər hər qarşılaşmada gözəl oyunla qələbə qazanmağa çalışırdıq. İndi final seriyası olmasına baxmayaraq, bu dəfə də gözəl oyun sərgiləmək istəyində olacağıq".

Baş məşqçi heyətdəki basketbolçuların durumu haqqında da danışıb:

"Neftçi" ilə yarımfinal matçında zədə ilə oynayan oyunçular var idi. Seriyanin ikinci görüşündə isə sərt qayda pozuntusu sonrası Ceyms Freyzer də əlindən zədə aldı. Rəqib ümumiyyətlə Saadettin Donat və Freyzerə qarşı çox sərt oynayaraq vəziyyəti dəyişməyə çalışırdı. Nəticədə belə zədələr ortaya çıxdı. Hər iki basketbolçunun oynaması sual altındadır. Bu yalnız oyun saatında bəlli olacaq. Bəlkə də biri hazır ola bilər. Biz istənilən halda sərəncamımızda olan oyunçularımızla sonadək mübarizə aparacağıq".

Xatırladaq ki, "Sabah" və "Abşeron Lions" komandalarının üz-üzə gələcəyi final seriyasının ilk oyunu aprelin 29-da keçiriləcək.

Xəbər lenti