Gürcüstanın cənubunda müasir buğda sortlarının əcdadı ola biləcək qədim buğda dənələri aşkar edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu məlumatı alimlər PNAS jurnalında dərc olunan araşdırmada açıqlayıblar.
Qeyd olunur ki, tapıntılar Qadaçrili Qora və Şulaveris Qora adlı neolit yaşayış məskənlərində edilib. Tədqiqatçıların məlumatına görə, dənələrin yaşı təxminən 7,7–7,9 min ilə çatır. Bu, hibrid buğdanın məlum olan ən qədim nümunələrindən biridir.
Alimlər qeyd edirlər ki, müasir buğda vəhşi ot növü olan kolenitsa ilə Yaxın Şərqdən olan qədim mədəni formaların çarpazlaşması nəticəsində yaranıb. Lakin bu prosesin dəqiq harada baş verdiyi hələ də müəyyən edilməyib.
Tədqiqat Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze rəhbərliyi altında beynəlxalq arxeoloqlar qrupu tərəfindən aparılıb. Aparılan analiz göstərib ki, tapılan dənələrin bir hissəsi çörək istehsalında istifadə olunan yumşaq buğdaya, digərləri isə bərk sortlara və vəhşi əcdadlara aiddir.
Daha əvvəl bu yaşayış məskənlərində üzüm izləri və fermentasiya məhsulları da aşkar edilib. Bu isə bölgədə təxminən 8 min il əvvəl şərabçılığın inkişaf etdiyini göstərir və Cənubi Qafqazın erkən əkinçiliyin formalaşmasında mühüm rol oynadığına dair hipotezi gücləndirir.
Alimlərin fikrincə, əldə olunan nəticələr Qafqazın Yaxın Şərqlə yanaşı buğdanın əhliləşdirilməsinin əsas mərkəzlərindən biri ola biləcəyini təsdiqləyir.
Tədqiqatçıların qiymətləndirməsinə görə, əkinçiliyin formalaşması təxminən 10–12 min il əvvəl Yaxın Şərq, Hindistan və İran ərazilərində başlayıb. Məhz bu bölgələrdə erkən insan icmaları oturaq həyata keçərək ilk kənd təsərrüfatı bitkilərini becərməyə başlayıblar.
buğda Gürcüstan tarix