IMG-LOGO

Azərbaycan ötən il İtaliyadan 50 milyon avroluq aqrar maşın və avadanlıq alıb

28 Apr 2026 11:56 2 baxış
IMG

Ötən il Azərbaycanın İtaliyadan kənd təsərrüfatı üzrə maşın və avadanlıqlarının ümumi idxalının dəyəri 2024-cü illə müqayisədə 27,4 % artaraq 49,5 milyon avroya çatıb.

Bu barədə "Report"a İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakı ofisindən məlumat verilib.

Agentlikdən qeyd olunub ki, Azərbaycan bazarı çox dinamik və ikitərəfli əməkdaşlıq üçün imkanlarla zəngindir. 2025-ci ildə Azərbaycanın İtaliyadan idxalının dəyəri 2024-cü ilə nisbətən 2,8 dəfə artaraq 7,1 milyon avro təşkil edib və beləliklə, İtaliya ölkənin əsas təchizatçıları sırasında dördüncü yerdə qərarlaşıb.

"2025-ci ildə Azərbaycanın qida və içki sənayesi üzrə maşın və avadanlıqların ümumi dəyəri 22,3 milyon avro təşkil edərək 2024-cü ilə nisbətdə sabitliyini əhəmiyyətli şəkildə saxlayıb (+0,2 %). Bu sektorda İtaliyadan idxal cüzi azalma (-2 %) ilə 3,1 milyon avro təşkil edib və xüsusilə ət, süd və meyvə-tərəvəz sektorları kimi səmərəli qida emalı və qablaşdırma həllərinə artan tələbat fonunda İtaliya özünü ikinci aparıcı təchizatçı kimi sübut edib", - məlumatda vurğulanıb.

Bildirilib ki, İtaliya şirkətləri mayın 5-8-də Bakıda keçiriləcək "Caspian Agro 2026" sərgisində fəal iştirak edəcək.

Sərgi çərçivəsində İTA İtaliyanın milli pavilyonunu təqdim edəcək. Pavilyonda qabaqcıl texnologiyalar, dayanıqlı həll yolları və beynəlxalq səviyyədə tanınmış nou-hau təklif edən şirkətlər təmsil olunacaq. "Aparıcı İtaliya istehsalçıları kənd təsərrüfatı maşınlarından dəqiq suvarmaya, qida emalından qablaşdırmaya və bağçılıqdan yüksək keyfiyyətli ərzaq məhsullarının distribusiyasına qədər geniş spektrli həllər təqdim edəcəklər", - ITA-dan vurğulayıblar.

İtaliyanın sərgidə iştirakı Azərbaycanın kənd təsərrüfatı sektorunda innovasiya, səmərəlilik və dayanıqlılığın dəstəklənməsinə yönəlmiş çoxtərəfli əməkdaşlığın bir hissəsidir və hər iki ölkənin iqtisadiyyatının xeyrinə yeni sənaye və ticarət tərəfdaşlıqlarının inkişafı üçün mühüm fürsətdir.

Xəbər lenti