Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması sistemli yanaşma və düzgün idarəetmə prinsiplərinin tətbiqini tələb edir.
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) verdiyi statistikaya əsasən, iş yerindəki psixososial risk amilləri hər il dünya üzrə 840 mindən çox ölüm halına səbəb olur:
"Əməyin mühafizəsi yalnız fiziki təhlükəsizlik tədbirləri ilə məhdudlaşmır. İş yükü, iş və istirahət vaxtının təşkili, iş yerində münasibətlər və ümumi psixoloji mühit işçinin sağlamlığına, təhlükəsizliyinə və əmək məhsuldarlığına birbaşa təsir göstərir".
V.Quliyev vurğulayıb ki, əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması sistemli yanaşma və düzgün idarəetmə prinsiplərinin tətbiqini tələb edir:
"Bu çərçivədə nümunəvi müəssisələrdə "Vision Zero" modelinin tətbiqi istiqamətində işlər həyata keçirilir. "Vision Zero" iş yerlərində ölüm hallarının, ağır xəsarətlərin və peşə xəstəliklərinin qarşısının alınmasını hədəfləyən beynəlxalq təhlükəsizlik modelidir və "hər qəzanın qarşısı alına bilər" prinsipinə əsaslanır. Model risklərin əvvəlcədən idarə olunmasını, rəhbərlik və işçilər arasında birgə məsuliyyətin gücləndirilməsini, həmçinin təhlükəsizlik, sağlamlıq və rifah istiqamətlərində preventiv mədəniyyətin formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşma müəssisələrdə davamlı və təhlükəsiz əmək mühitinin qurulmasına xidmət edir".
DƏMX rəisi qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşəbbüsü olan bu qaydalar iş yerlərində təhlükəsiz və sağlam mühitin yaradılmasına, risklərin minimuma endirilməsinə və davamlı təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına xidmət edir.