Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Mehdilər və Əlibəyli kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini basması barədə yayılmış məlumatlara münasibət bildirib.
Qurumdan "Report"a verilən açıqlamada deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.
"Bu nəzərə alınaraq, Mingəçevir su anbarında və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə 1-cidən Kür çayının aşağı axınına saniyədə 700 kubmetr su buraxılır. Suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Agentliyin Regional Su Meliorasiya Xidməti qabaqlayıcı tədbirlər görür.
Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan su basma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib. Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır. Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur.
Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri mütəmadi monitorinqlər aparır və vəziyyət tam nəzarət altındadır", - deyə məlumatda qeyd olunub.