IMG-LOGO

SPECA iştirakçı dövlətləri Birgə Bəyanat qəbul ediblər

23 Apr 2026 11:41 2 baxış
IMG

Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı dövlətlərin nazirlərinin görüşündə Birgə Bəyanat qəbul edilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, görüş Tailandın Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası çərçivəsində keçirilib.

Bundan başqa, tədbirdə qlobal çağırışlar fonunda regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev qlobal təchizat zəncirlərinin transformasiyası, rəqəmsallaşmanın sürətlənməsi və iqlim risklərinin artması kimi qlobal çağırışlar fonunda daha sıx regional əməkdaşlığın önəmini vurğulayıb. Azərbaycanda elektron ticarətin genişləndirilməsi, Orta Dəhlizin inkişafı, rəqəmsal gömrük və logistika həllərinin tətbiqi, eləcə də insan kapitalının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçiriləcək SPECA İqlim Ağıllı Şəhərlər Forumunun praktiki əməkdaşlıq üçün əlavə platforma yaradacağı qeyd edilib. SPECA Çoxtərəfli Etimad Fondunun birgə təşəbbüslərin həyata keçirilməsinə təkan verəcəyi bildirilib.

Görüşdə SPECA regionunda dayanıqlı və inklüziv iqtisadi inkişafın təmin edilməsi məqsədilə multimodal dəhlizlərin və rəqəmsal logistika platformalarının gücləndirilməsi, ticarət və tranzit prosedurlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi, nəqliyyat, logistika, rəqəmsal ticarət, təchizat zəncirlərinin idarə olunması sahələrində peşə hazırlığı və bacarıqların artırılması prioritet istiqamətlər kimi diqqət mərkəzində olub. Görüş çərçivəsində elm və innovasiya sahəsində tərəfdaşlıq, Bakıda dayanıqlı inkişaf və "yaşıl iqtisadiyyat" üzrə SPECA-nın Regional Tədqiqat Mərkəzinin yaradılması və digər məsələlər nəzərdən keçirilib.

Tədbirdə BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin müavini Şombi Şarp "SPECA regionunda təsir üçün tərəfdaşlıq: Çoxtərəfli Etimad Fondu" mövzusunda təqdimatla çıxış edib.

Xəbər lenti