Xəzər və Mərkəzi Asiya regionundan enerji ixracında əsas perspektiv istiqamət cənub bazarlarıdır.
"Report" xəbər verir ki, bunu Pakistan Neft İnstitutunun ("Petroleum Institute of Pakistan") rəhbəri Şəhriyar Omar Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.
Onun sözlərinə görə, indiyə qədər aparılan müzakirələrə fərqli yanaşma təqdim etmək vacibdir: "5-10 ildən sonra Avropa bazarları - Qərb marşrutları region üçün əsas çıxış yolu olmayacaq. Çünki Avropada əhali azalır və bu region fosil yanacaqlardan tədricən imtina edir. Region ölkələri diqqəti daha çox cənub istiqamətinə yönəltməlidir. Cənubda təxminən 2 milyardlıq, sürətlə artan əhali və inkişaf edən iqtisadiyyatlar mövcuddur. Bu isə gələcək üçün böyük bazar potensialı deməkdir".
Qonaq qeyd edib ki, Pakistan bu baxımdan mühüm tranzit imkanları təqdim edir: "Pakistan vasitəsilə Ərəb dənizinin isti sularına çıxış mümkündür. Bu ideya uzun illərdir ki, müzakirə olunsa da, indiyə qədər real nəticə əldə olunmayıb. Artıq vaxt çatıb ki, şirkətlər məhsullarını Qərbə və yaxud Şərqə deyil, Cənuba yönəldəcək infrastruktur layihələrinə investisiya etsinlər".
Ş.Omarın sözlərinə görə, bəzi əməkdaşlıq təşəbbüsləri artıq mövcuddur: "Məsələn, SOCAR Pakistanla LNG ticarəti sahəsində əməkdaşlıq edir. Həmçinin şirkət ölkəmizdə iki yerli qurumla birlikdə "Ağ neft kəməri" layihəsində tərəfdaşdır. Enerji bazarında gələcək dəyişikliklər nəzərə alınmalıdır. Avropa fosil yanacaqlardan uzaqlaşdıqca, bu bazarların cəlbediciliyi azalacaq. Bu səbəbdən indidən cənuba yönələn nəqliyyat dəhlizlərinə və infrastruktura sərmayə qoyulması vacibdir".
O həmçinin bildirib ki, Cənub marşrutları geosiyasi risklər baxımından da alternativ yaradır: "Bu istiqamət Hörmüz boğazından kənarda yerləşdiyi üçün mümkün risklər zamanı əlavə üstünlük təmin edir. Regionun enerji strategiyasında uzunmüddətli perspektiv nəzərə alınmalıdır. Fürsətlər Qərbdə deyil, Cənubdadır və bu istiqamətdə addımlar artıq bu gündən atılmalıdır".