IMG-LOGO

Qazaxıstan Xəzər vasitəsilə neft nəqlinin inkişafında maraqlıdır

23 Apr 2026 11:51 2 baxış
IMG

Qazaxıstan Xəzər dənizi vasitəsilə neft nəqli marşrutunun dəstəklənməsində çox maraqlıdır.

"Report" xəbər verir ki, bunu "Petrocouncil.kz" şirkətinin İdarə Heyətinin sədri Asılbek Cakiyev Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda bildirib.

"Biz çox yaxşı başa düşürük ki, bütün Qazaxıstan neftinin 80 %-i yalnız bir boru kəməri ilə nəql olunur. Geosiyasi risklər həddən artıq çoxdur. Biz baş verən hadisələr qarşısında (Ukrayna dronlarının Xəzər Boru Kəməri Konsorsiumunun obyektlərinə hücumu - red.) olduqca həssas olduğumuzu gördük. İstənilən halda bizim iki alternativ yolumuz var. Birinci və prioritet yol Xəzər vasitəsilə Azərbaycana gedən Orta Dəhliz, ikincisi isə Çinə gedən yoldur. Təxminən 10 il əvvəl Çin öz istiqamətində investisiya yatıraraq neft kəmərini tikib. Bu kəmərin gücü 20 milyon tona qədərdir. Qazaxıstan Çinə bu həcmdə neft nəql edə bilərdi, lakin müəyyən məhdudiyyətlər səbəbindən hazırda yalnız 3-5 milyon ton neft nəql olunur", - A.Cakiyev deyib.

O qeyd edib ki, əsas problem Qazaxıstanın Xəzərdə infrastrukturun genişləndirilməsinə təkbaşına bir neçə milyard ABŞ dolları yatıra bilməməsidir:

"Buna görə avropalı və amerikalı tərəfdaşlarla işləyirik. Lakin uzunmüddətli perspektivdə istehsalçılar bu marşruta tam əmin deyillər. Bir ton neftin Rusiya və Azərbaycan vasitəsilə nəql dəyəri kəskin fərqlənir. Buna görə də sualım belədir: müharibə bitdikdən sonra Azərbaycan marşrutu eyni dərəcədə səmərəli və iqtisadi cəhətdən məqsədəuyğun olacaqmı? Nəticə etibarilə hər şeyi iqtisadiyyat diktə edir".

Xəbər lenti