IMG-LOGO

“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova ilə MÜSAHİBƏ

23 Apr 2026 11:00 6 baxış
IMG
1 0

Bu gün Xalq artisti Məleykə Əsədovanın doğum günüdür.

Lent.az sənətkarla yubiley söhbətini təqdim edir.

- Gözəlliyinizi necə qoruyursunuz?

- Gözəllik ötəridir, qalıcı olan nurdur. Nur qəlbin səsidir. Əgər yaş getdikcə üzə nur gəlirsə, bu, daxilin gözəlliyidir. Qaranlıq olan hər şeydən, dedi-qodulardan qaçıram. Allah məni bu ruhda yaratdığına görə, gecə-gündüz şükür edirəm. Doğrudan, insanları, həyatı gözəl görürəm. Deyirlər, dünyanı gözəllik xilas edəcək, amma yox, dünyanı sevgi xilas edəcək. Sevgi özü də bir gözəllikdir. İnsan insanı sevsə, pisliklərdən uzaq olsa, bu artıq sevgidir. Mən qara rəngin özündə belə sevgi görməyi bacarıram. Baxanda sizdəki pisləri yox, yaxşı şeyləri görürəm. Ona görə də, Allah məni işıqlı, nurlu saxlayır. 

- İdmanla məşğul olursunuz?

- Aktrisa kimi çalışıram həmişə formada olum, ona görə də, idmanla məşğul oluram. İllərdir yoqa ilə məşğulam. Yoqa elədir ki, sağlamlığa yaxşı təsir edir. Bir də görsəm ki, kökəlirəm, yeməyə diqqət edirəm. Əslində, buğa bürcü yeməyi sevəndir. Sadəcə bilirəm ki, təkcə özümə məxsus deyiləm, məni Məleykə Əsədova edən tamaşaçılarım, onların alqışlarıdır. Onlara hörmətlə yanaşıram.  Gənc nəsil də məni sevir, uşaqlar da, yaşlı nəsil də. Sənətdə var olmaqdan ötürü sənətkar olmaq olar, amma gözəl insan olanda bu, daha yaxşı olur. Tamaşaçılarıma, obrazlarıma olan hörmətimə görə, hər zaman oturuşuma, duruşuma diqqət edirəm. Görünmək naminə efirə çıxmıram. Obrazlarımda çətinliyə varan bir aktrisayam. Tamaşaçılarıma da, özümə də hörmt edirəm.

- Həm sənətlə məşğul olmaq, həm övlad böyütmək, həm formada qalmaq çətin deyil ki?

- Əslində, aktyorluq sənəti özü çox çətindir. İncəsənətdə teatr aktyorluğu ən çətin sahədir. Canlı səhnədə 3 saat başqalaşırsan, bir insanın taleyini tamaşaçıya çatdırırsan. Tamaşalarım həmişə anşlaqla keçir. Teatr aktyorları fədakardılar. Biz aktyorlar görün, nə qədər insan taleyi yaşayırıq. Mənim oynadığım obrazlar klassikdir. Onları oynamaq üçün istedada və məsuliyyətə malik olmalısan. Eyni zamanda bir anayam, mənim üçün birinci övladım gəlir. Ona ayaq üstə durub özü yeriməkdən ötürü valideyn kimi qayğı göstərməliyəm. 

- Neçə yaşı var qızınızın?

- 4-cü kursda oxuyur. Bu il bitirib magistratura oxuyacaq.

- Azərbaycanda, yoxsa xarici ölkədə?

- Xarici ölkədə oxuyacaq. Ona söz vermişdim. O mənim istədiyim kimi ağıllı bir övladdır. Həmişə demişəm, Allah məni sevənin də, sevməyənin də övladını qorusun.

- Bir ana kimi mühafizəkarsız?

- Təbii ki. Hara getsə, mənimlə gedir. Dərslərini oxuyur. Ona çox güvənirəm, onunla dostam.

- Bayaq dediniz ki, bütün dedi-qodulardan uzaq dururam. Amma həm də haqqınızda yetərincə danışılır. 

- Çünki var olan aktrisayam. 30-40 ildir ki, səhnədə şöhrət saxlayıram. Heç qulaq asmıram nə danışırlar. Dedi-qodunu ancaq boş insanlar edər. Mənim heç vaxtım yoxdur ki, kiməsə rəy bildirim. Allah verdiyi bu ömrü övladıma, vətənimə bağlı biri kimi addımlayıram. Heç kimə də cavab vermirəm.

- Bildiyim qədərilə Məşhəd ziyarətində də olmusuz...

- Bəli. 5 dəfə olmuşam. Ümumiyyətlə, Allaha çox bağlıyam. Bacılarım, onların qızları namaz qılırlar. Mən qılmıram, amma Allahımı çox sevirəm, dualar oxuyuram. Mənim kimim var ki? Bircə göydə Allahım var. Mənə bu istedadı, tamaşaçı sevgisini verib. Evimə getsəniz, o qədər çiçək var ki. Allah mənə gözəl vicdan, əqidə, ağıl verib. Allah ağlımızı əlimizdən almasın. Barmaqla sayılan sənət adamları var ki, illərlə eyni şöhrəti saxlayır. Teatr Xadimləri İttifaqının təsis etdiyi "Teatr xadimi" qızıl medalına layiq görüldüm. Bunlar asanlıqla olmayıb. Hər gözəlliyin arxasında böyük zəhmət dayanır. İncə, zərif görünə bilərəm, amma zəif xanım deyiləm. Heç kimə cavab verməmişəm. Bircə əlimi açıb Allahımla danışıram. Məni istəyəni Allah istəsin. 

Mən bu sənət üçün doğulmuşam. Ona görə də, səhnənin Məleykəsiyəm...

- Hazırda hansı tamaşalara hazırlaşırsız?

- Mən çox möhtəşəm obrazlar yaratmışam. "Fərhad və Şirin", "Kral Lir"də Kordeliya obrazını oynamışam. Səhnəmizin ilk "Züleyxa"sı olmuşam. Görün, nə xoşbəxtəm ki, qalib məmləkətdə Natavan obrazını oyanıyıram. Tamaşaçılarımız gəlib baxırlar və deyirlər ki, siz Xurşudbanu Natavanı bizə sevdirdiniz. Hazırda isə Balzakın "Atılmış qadın" əsərində baş roldayam. Çox möhtəşəm bir əsər olacaq.

- Sənətə gəlişinizdə Lütfi Məmmədbəyovun böyük rolu olub...

- Bəli. Mənə kimə yaxşılıq edibsə, onu ömrümün sonuna kimi unutmaram. Mənim nə qədər istedadım olursa olsun, onu kimsə tamaşaçıya göstərməli idi. Mən Azərbaycan tamaşaçılarına Lütfi müəllimin teletamaşları ilə tanınıb sevilmişəm. Nəinki mən, bir çox Xalq artistimiz var ki, onun tamaşaları ilə tanınıb. 

- İlk dəfə necə tanış olduz?

- İnstitutda oxuyandan tanıyırdı məni. "Yad qız" tamaşasında da məni çəkmişdi. Rejissor istəyər ki, əsərini oynayan aktyor yaxşı oynasın. "Əfsanə" tamaşasına kastinq var idi. Əlibala Hacızadə də orada idi. Məni görəndə dedi, mənim Əfsanəm budur. Mənə ən çox uğur gətirən və ilk səhnəyə gəlişim "Aydın" tamaşasında Gültəkin obrazı ilə olub. Elə ilk teatra girəndə Həsən Əbluc demişdi, Cəfər Cabbarlının "Aydın" əsərini oxumusan? Dedim, ən sevdiyim əsərdir. Düşündüm, görəsən, mənə hansı obrazı verəcəklər? Səhər gəlib görəndə ki, Gültəkin obrazını oynayıram, çox sevindim. 10 il sonra Akademik Milli Dram Teatrının səhnəsində , Mikayıl Mirzənin quruluşunda o obrazı oynadım. Ulu Öndər Heydər Əliyev də gəlmişdi o tamaşaya. 

- Ümumiyyətlə, bu sənətə həvəs necə yarandı?

- Uşaqlıqdan deyirdim ki, aktrisa olacam. Atam çox ağır təbiətli insan idi. Onlar mənim bu istəyimə uşaq şıltaqlığı kimi baxırdılar. Atam icazə vermirdi, amma mən inadkarlıq elədim. Həmişə demişəm ki, bir şeyi ürəkdən istəsən, olacaq.

Məleykə Əsədova Xalq artisti yubiley müsahibə mədəniyyət

Xəbər lenti