İnsan Qardaşlığı üzrə Zayed Mükafatının "İnsanlığın Ürək Döyüntüsü" (Heartbeat of Humanity) film seriyası sənədli kino kateqoriyasında eyni anda iki nüfuzlu mükafat - Webby Award və Webby People's Voice Award qazanıb.
"Report" xəbər verir ki, film seriyası internetdə görkəmli nailiyyətləri qeyd edən aparıcı beynəlxalq mükafatlardan biri olan 30-cu illik Webby Awards mükafatında qalib gəlib.
New York Times nəşri əvvəllər bu mükafatı "internetin ən yüksək mükafatı" adlandırmışdı, peşəkar mühitdə isə o, qlobal nüfuzu və veb-saytlar, tətbiqlər və sosial media sahəsində ən yaxşı layihələrin tanınması sayəsində "internetin Oskarı" kimi geniş tanınır.
Heartbeat of Humanity film seriyası 2025 və 2026-cı il Zayed Mükafatı laureatlarının humanitar fəaliyyətindən bəhs edir. Onların sırasında Azərbaycan və Ermənistan arasında sülh prosesi, Barbados baş naziri Mia Mottli, ərzaq humanitar təşkilatı World Central Kitchen, yeniyetmə ixtiraçı Heman Bekele, fələstinli Taawon təşkilatı və əfqanıstanlı qızların təhsili sahəsində fəalist Zarqa Yaftali haqqında filmlər var.
Film seriyasına verilən Webby Award mükafatı 3 mindən çox sahə ekspertindən ibarət münsiflər heyəti olan Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyası tərəfindən verilir, Webby People's Voice Award mükafatı isə dünya üzrə 4 milyondan çox insanın iştirak etdiyi açıq səsvermənin nəticələrinə əsasən müəyyən edilir.
Layihə 13 mindən çox müraciət arasından seçilərək sənədli kino kateqoriyasında beş finalistdən biri olub. Müxtəlif illərdə bu kateqoriyada National Geographic, Netflix, The Washington Post və Business Insider kimi iri media və platformalar qalib gəlib.
"Bu qlobal tanınma Mükafatın humanitar missiyasına mühüm ehtiram nümunəsidir. Mükafat dünya üzrə insan qardaşlığı dəyərlərini təşviq edən ilhamverici nümunələri şərəfləndirmək üçün beynəlxalq platformaya çevrilib", - Zayed Mükafatının baş katibi Möhəmməd Əbdülsalam Webby mükafatındakı qələbəni şərh edərkən bildirib.
O əlavə edib ki, Webby-dəki nailiyyət Zayed Mükafatının həmrəylik dəyərləri haqqında məlumatlılığı artıran aparıcı qlobal platforma kimi mövqeyini daha da möhkəmləndirir.
Öz növbəsində, Zayed Mükafatı laureatlarının humanitar fəaliyyətini əks etdirən filmləri çəkən People kreativ qrupunun baş direktoru Tim Elliott Webby Awards mükafatında qələbənin inanılmaz dərəcədə əhəmiyyətli olduğunu bildirib.
"Bu mükafatlar həm sənayenin tanınmasını, həm də dünya üzrə auditoriya ilə həqiqi əlaqəni nümayiş etdirir", - o deyib.
Qeyd edək ki, 30-cu illik Webby Awards mükafatının təqdimetmə mərasimi 11 may 2026-cı ildə Nyu-Yorkda keçiriləcək.
1996-cı ildə təsis edilmiş Webby Awards mükafatı Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyası tərəfindən verilir.