Ukrayna Avropa İttifaqında (Aİ) mərhələli üzvlüyə qarşı çıxır, lakin qanunvericiliyin uyğunlaşdırılması və digər islahatlarla bağlı tələbləri tez bir zamanda yerinə yetirəcəyini vəd edir.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyi bundan ibarətdir ki, ölkə "mərhələli üzvlüyü" qəbul etməyəcək.
Sibiqa vurğulayıb ki, tərəfdaşlar Ukraynanın Aİ-yə daxil olmaq üçün bütün meyarlara uyğun olmaq istəyini anlayırlar.
"Aİ Şurasının sonuncu iclasında qanunvericilik aktlarının qəbulu istiqamətində əldə etdiyimiz irəliləyiş qeyd olundu. Hazır olub-olmamağımız ritorik sualdır. Aydın meyarlar var və biz onları yerinə yetiririk", – XİN başçısı əlavə edib.
Sibiqa həmçinin bəyan edib ki, Ukraynanın Avropaya inteqrasiya yolu qaçılmazdır və qanunvericiliyin uyğunlaşdırılmasını və islahatları əhatə edir.
Onun sözlərinə görə, milli maraqlar, xüsusilə iqtisadiyyatın və biznesin qorunması nəzərə alınmaqla mövqelərdə düzəlişlər mümkündür, lakin Aİ ilə yaxınlaşmaya yönəlmiş ümumi kurs dəyişməz olaraq qalır.