Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM məmnuniyyətlə bildirirlər ki, Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərinin quraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir.
BP şirkətindən "Report"a bildiriblər ki, ilk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti Nadir İmanov deyib: "Layihə üzrə aparılan tikinti işlərində bu mühüm mərhələnin başlanmasından çox məmnunuq. Tərəfdaşlarımızla birlikdə əsas diqqətimizi layihənin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə yönəltməklə tikinti işlərini əminliklə irəli aparırıq. İnanırıq ki, bu mühüm layihə bərpa olunan elektrik enerjisinin istehsalı sahəsini və regiondakı əməliyyatlarımızın karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanın enerji keçidi səylərinə töhfə verəcək."
Şəfəq günəş enerjisi layihəsinin tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların təxminən 30%-i artıq quraşdırılıb.
Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir - işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir. Hazırda layihəyə təxminən 350 nəfər yerli işçi cəlb olunub ki, bunlardan 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir.
Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa edilən bu 240 MVt gücündə stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir.
2025-ci ilin iyun ayında təsdiqlənmiş 200 milyon ABŞ dolları dəyərində olan Şəfəq (Cəbrayıl) günəş layihəsi çərçivəsində Cəbrayıl rayonunda yeni 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.