Qış Olimpiya Oyunlarının və dünya çempionatının bürünc mükafatçısı, sloveniyalı xizəklə tullanan Robert Kranets velosipedlə ağır qəzaya düşüb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, 44 yaşlı idmançı saatda 34 kilometr sürətlə hərəkət edərkən idarəetməni itirib.
Səkiyə çırpılan idmançı ağır xəsarətlər alıb və helikopterlə Lyublyana xəstəxanasına təxliyə edilib. Hadisə zamanı R.Kranetsin sərxoş vəziyyətdə olduğu və qanında 2,5 promil spirt aşkarlandığı müəyyənləşib.
Məlumata görə, idmançının velosiped kompüterindəki göstəricilər onun qəza anına qədər təxminən 14 kilometr yol qət etdiyini və bəzi yerlərdə sürəti saatda 60 kilometrə çatdırdığını göstərib. Hazırda R.Kranetsin həyatı üçün təhlükə olmasa da, reabilitasiya prosesinin uzun sürəcəyi bildirilir.
Qeyd edək ki, 2018-ci ildə karyerasını başa vuran sloveniyalı idmançı 4 olimpiadanın iştirakçısı olub. O, 2002-ci ildə ABŞ-də keçirilən Qış Olimpiya Oyunlarında komanda yarışında bürünc medal qazanıb.