Vaşinqton 2001-2021-ci illərdə Əfqanıstandakı hərbi əməliyyat zamanı ABŞ Silahlı Qüvvələrinə yardım etmiş mindən çox Əfqanıstan vətəndaşının Konqo Demokratik Respublikasına (KDR) göndərilməsi imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.
Məlumata görə, hazırda 1,1 minə yaxın əfqan Qətər ərazisində Amerika tərəfinin idarəçiliyi altında fəaliyyət göstərən qaçqın düşərgəsindədir. Onların arasında tərcüməçilər, Əfqanıstan xüsusi təyinatlılarının keçmiş döyüşçüləri, eləcə də ABŞ ordusu hərbçilərinin qohumları var.
Bildirilib ki, Ağ Evin rəhbəri Donald Tramp artıq bu məsələ ilə bağlı danışıqlar prosesinə başlayıb.
Nəşr dəqiqləşdirib ki, əvvəl Qətərin aralıq məntəqə olması nəzərdə tutulurdu. Bununla belə, Tramp administrasiyası onların ABŞ ərazisinə köçürülməsini nəzərdə tutan proqramın fəaliyyətini dayandırdıqdan sonra əfqan qaçqınları qeyri-müəyyən vəziyyətə düşüblər.
Anonim mənbə bildirib ki, əfqanların əhəmiyyətli hissəsi bu ölkədə təhlükəsizliklərinin təmin olunması ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək KDR-ə könüllü şəkildə getmək istəmədikləri barədə artıq hakimiyyət nümayəndələrini məlumatlandırıblar.