İran Pakistan vasitəsilə Amerika tərəfinə çərşənbə günü İslamabadda keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etməyəcəyini çatdırıb.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"İranın danışıqlar aparan heyəti Pakistan vasitəsilə amerikalı tərəfə bildirib ki, müxtəlif səbəblərə görə çərşənbə günü İslamabadda olmayacaq və hələlik danışıqlarda iştirak üçün heç bir perspektiv yoxdur", - agentlik vurğulayıb.
Məlumatlı mənbə agentliyə bildirib ki, İran bu qərarı ABŞ-nin öhdəliklərini yerinə yetirməməsi ilə bağlı qəbul edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.