Hind-Sakit okean regionunda "Tifani" tankeri ABŞ qüvvələri tərəfindən saxlanılıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, İranla əlaqəli gəmi tam yüklənmiş vəziyyətdə olub və Sinqapur istiqamətində hərəkət edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endirib. Əməliyyat Yaxın Şərqdə eskalasiyaya və Fars körfəzinin bütün ölkələrinin münaqişəyə cəlb edilməsinə, eləcə də Hörmüz boğazının bloklanmasına səbəb olub.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə müddəti aprelin 21-dən 22-nə qədər olan atəşkəs barədə razılığa gəliblər.
Tərəflər Pakistanda münaqişənin nizamlanması üzrə danışıqlar aparmağa cəhd göstəriblər, lakin aprelin 11-12-də keçirilən ilk raund heç bir nəticə verməyib. Danışıqların yeni raundu yaxın günlərdə baş tuta bilər.
Bloklanması qlobal enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif aralıqlarla onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.