Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qara dənizdən keçəcək sualtı elektrik kabelinin ("Black Sea Energy") çəkilişi layihəsinin maliyyələşdirilməsində iştirak imkanını nəzərdən keçirir.
Bu barədə "Report"a açıqlamasında EBRD-in Avropa üzrə regional direktoru və energetika departamentinin rəhbəri Qjeqoj Zelinski (Grzegorz Zieliński) bildirib.
O vurğulayıb ki, bankda bu transsərhəd infrastruktur layihəsinin mürəkkəbliyini tam şəkildə anlayırlar: "Texniki-iqtisadi əsaslandırma ən vacib ilk addımdır, lakin bu, ideyanın maliyyələşdirmə cəlb etməyə hazır layihəyə çevrilməsi yolunda yalnız ilkin mərhələdir".
Bankın nümayəndəsi bildirib ki, EBRD maraqlı dövlətlərdəki elektrikötürücü sistemlərin müvafiq operatorlarını bu layihənin təbii təşəbbüskarları və sponsorları kimi qəbul edir: "EBRD layihənin hazırlanmasına, xüsusilə ekoloji və sosial aspektlərdə dəstək göstərə bilər, daha sonra isə layihə lazımi hazırlıq səviyyəsinə çatdıqda maliyyələşdirmə məsələsini nəzərdən keçirə bilər. Bundan başqa, EBRD-in öz uzunmüddətli maliyyələşdirməsi ilə yanaşı, özəl sektordan olan kreditorları da cəlb etməklə, layihənin strukturlaşdırılmasına və vəsaitlərin cəlb edilməsinin təşkilinə potensial olaraq kömək edə bilərik".
Onun sözlərinə görə, bu mənada texnoloji risklər mərkəzi yer tutur, çünki söhbət planetin ən uzun və ən dərin sualtı elektrik kabelinin çəkilməsindən gedir.
EBRD-in direktoru həmçinin əlavə edib ki, elektrik enerjisi ixrac edən ölkələrin normativ-hüquqi bazasının Avropa İttifaqının (Aİ) tənzimləyici tələblərinə uyğunlaşdırılması prinsipial əhəmiyyət daşıyır.
Daha əvvəl bildirilmişdi ki, 2022-ci il dekabrın 17-si Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan ümumi uzunluğu 1 195 km olan "Black Sea Energy" sualtı elektrik kabelinin inşası çərçivəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
2023-cü ilin iyununda Bolqarıstanın bu layihəyə qoşulmaq niyyətində olduğu məlum olub. 2024-cü ilin mayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları "Black Sea Energy" layihəsinin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması barədə memorandum imzalayıblar.
Həmin ilin sentyabrında dörd dövlətin enerji operatorları - "Azərenerji" ASC, "Transelectrica SA", "Gürcüstan Dövlət Elektrosistemi" və "MVM" arasında layihənin icrasını öz üzərinə götürəcək "Green Energy Corridor" birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi bağlanıb. Birgə müəssisənin təsisçi tərəfdaşları kimi "Transelectrica" (Rumıniya), "Georgian State Electrosystem" (Gürcüstan), "Azərenerji" (Azərbaycan) və "MVM Energy" (Macarıstan) enerji operatorları çıxış edirlər.
2026-cı ilin aprelində Aİ "Qara dəniz Enerji Kabeli" layihəsini rəsmi olaraq qarşılıqlı maraq doğuran layihələr (PMI) siyahısına daxil edib. İlkin mərhələdə kabel 4 QVt "yaşıl enerji"nin ötürülməsi üçün nəzərdə tutulacaq. Qara dəniz enerji kabelinin tikintisinin dəyəri 3,5 milyard avro olaraq qiymətləndirilir, icra müddəti isə 3 ildən 4 ilə qədər təşkil edəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmaq niyyətindədir.