IMG-LOGO

Marta Kos: Orta Dəhliz Aİ üçün strateji istiqamətə çevrilir

20 Apr 2026 21:50 4 baxış
IMG

Geosiyasi dəyişikliklər, eləcə də Rusiya və Yaxın Şərqdəki ənənəvi marşrutlarla bağlı problemlər fonunda Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın, həmçinin Türkiyənin əsas rol oynadığı alternativ nəqliyyat və enerji əlaqələrini daha fəal şəkildə inkişaf etdirməlidir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Avropa Parlamentinin Xarici İşlər Komitəsinin növbədənkənar dinləmələrində bildirib.

O, Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən Orta Dəhlizin inkişafında Aİ-nin prioritetlərini qeyd edib: "Beləliklə, artıq şimalda ticarət yolları yoxdur, cənubda da həmçinin. Buna görə də ən yaxşı variant Orta Dəhliz, sülh dəhlizidir və biz bununla məşğuluq".

O qeyd edib ki, bu kontekstdə Azərbaycan, Ermənistan və Türkiyə əsas rol oynayır.

Kos vurğulayıb ki, Aİ artıq Bakı ilə əməkdaşlıq edir və hazırda Naxçıvan dəmir yolu üçün texniki-iqtisadi əsaslandırma hazırlayır. Avrokomissarın sözlərinə görə, paralel olaraq nəqliyyat əlaqəliliyinin yaxşılaşdırılması üzrə Ankara ilə danışıqlar davam edir.

Kos qeyd edib ki, Aİ Ermənistanı da regionda dayanıqlı nəqliyyat, enerji və rəqəmsal əlaqələrin yaradılması üzrə daha geniş strategiyanın iştirakçılarından biri kimi nəzərdən keçirir. Aİ artıq Ermənistan və Gürcüstan arasında enerji sistemi layihəsini maliyyələşdirib, bu da regionun enerji dayanıqlılığını artırmalıdır.

Avrokomissar qeyd edib ki, infrastrukturun inkişafı İrəvan və Bakı arasında sülh yolu ilə nizamlanma səyləri ilə qırılmaz şəkildə bağlıdır. "Əlaqəlilik - həm də sülhə verilən töhfədir", - o bildirib və əlavə edib ki, Aİ iki ölkə arasındakı dialoqa dəstəyini gücləndirir.

O, Türkiyənin Aİ-nin əsas tranzit və ən böyük ticarət tərəfdaşlarından biri, həmçinin Qara dəniz regionu kontekstində təhlükəsizlik sahəsində mühüm oyunçu kimi strateji əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Avropa Komissiyasının məlumatlarına görə, 2022-ci ildən etibarən Cənubi Qafqaz vasitəsilə yükdaşımaların həcmi dörd dəfə artıb, müvafiq investisiyalar sayəsində isə 2030-cu ilə qədər üç dəfə arta bilər.

Beləliklə, Brüssel Avrasiya əlaqəliliyinin yeni arxitekturasının kritik dərəcədə mühüm həlqəsi kimi bu regiona diqqəti artırır.

Xəbər lenti