ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla razılaşma bu gün axşam imzalanacaq.
"Report" xəbər verir ki, bu barədə Tramp "FOX Business"in müxbiri Mariya Bartiromoya bildirib.
Bununla belə, jurnalist söhbətin məhz hansı razılaşmadan getdiyini dəqiqləşdirməyib.
Daha əvvəl Tramp bildirib ki, vitse-prezident Cey Di Vensin başçılıq etdiyi Amerika nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada yola düşüb.
Donald Tramp həmçinin "PBS News"a müsahibəsində bildirib ki, atəşkəs müddəti başa çatana qədər razılaşma əldə olunmasa, vəziyyət kəskin şəkildə gərginləşə bilər.
"Çoxlu sayda bombalar partlamağa başlayacaq", - Tramp atəşkəs müddətinin aprelin 21-də başa çatdığını xatırladıb.
İslamabaddakı danışıqların perspektivlərini şərh edən Tramp İran tərəfinin iştirakının hələlik sual altında olduğunu bildirib: "Biz onların orada olub-olmayacağına baxacağıq. Əgər orada olmasalar, bu da normaldır".
Danışıqlar prosesindən gözləntilər barədə danışan Tramp ABŞ-nin əsas məqsədinin dəyişməz qaldığını vurğulayıb və qeyd edib ki, İranın nüvə silahına sahib olmasına yol verilməyəcək.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib və bu danışıqlar nəticəsiz qalıb.