UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə Şurasının 224-cü sessiyası işinə başlayıb.
"Report" xəbər verir ki, sessiya çərçivəsində keçirilən plenar debatlar hissəsində Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev tərəfindən ölkəmizin milli bəyanatı səsləndirilib.
Bəyanatda UNESCO-nun fəaliyyətində institusional səmərəliliyin, şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb, təşkilatın prioritetləri ilə mövcud resurslar və icra mexanizmləri arasında uyğunluğun təmin edilməsinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, qlobal çağırışlar fonunda UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində dialoq və əməkdaşlığın təşviqində oynadığı mühüm rol diqqətə çatdırılıb.
Çıxış zamanı təşkilat daxilində üzv ölkələr ilə katiblik arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, bu istiqamətdə aparılan islahatların əhəmiyyəti qeyd edilib.
Həmçinin bildirilib ki, dəyişən qlobal mühit şəraitində qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir və UNESCO-nun mandatı bu sahədə xüsusi rol oynamağa imkan verir.
Çıxış zamanı eyni zamanda, ötən ilin oktyabr-noyabrında Səmərqənd şəhərində UNESCO Baş Konfransının 43-cü sessiyasının uğurlu keçirilməsinə görə Özbəkistan tərəfinə təşəkkür edilib.
Bununla yanaşı, plenar debatlar zamanı Daimi Nümayəndəlik tərəfindən ölkəmizin Qrup 77 və Çin Paris bölməsi, eləcə də UNESCO-da fəaliyyət göstərən Türk Dövlətləri Qrupu adından bəyanatlar səsləndirilib.
Qrup 77 və Çin adından səsləndirilmiş bəyanatda çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və həmrəyliyə sadiqlik bir daha təsdiqlənib, inkişaf etməkdə olan ölkələrin prioritetlərinin irəli aparılmasında kollektiv fəaliyyətin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədi 4 çərçivəsində inklüziv və keyfiyyətli təhsilin təşviqi, təhsilin ana dilində verilməsinin əhəmiyyəti, eləcə də təhsilin davamlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi rolu qeyd olunub.
Bəyanatda, həmçinin UNESCO-nun qlobal prioritetləri olan Afrika və gender bərabərliyi, eləcə də Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS) və gənclərlə bağlı təşəbbüslərə dəstək ifadə olunub, təşkilatın proqram və büdcə çərçivəsində üzv dövlətlərə daha güclü dəstək göstərilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, UNESCO80 Yol Xəritəsinə dəstək ifadə edilib, inkişaf etməkdə olan ölkələrin baxışlarının qərar qəbuletmə proseslərində əks olunmasının əhəmiyyəti qeyd edilib.
Türk Dövlətləri Qrupu adından səsləndirilmiş bəyanatda isə çoxtərəfliliyin gücləndirilməsi, türk dövlətləri arasında ortaq tarixi və mədəni irsin qorunması və təşviqi, o cümlədən UNESCO çərçivəsində birgə təşəbbüslərin irəli sürülməsi vurğulanıb. Eyni zamanda, irqçilik, ayrı-seçkilik, ksenofobiya və nifrət nitqinə qarşı mübarizənin əhəmiyyəti qeyd olunub, iqlim dəyişikliyi, su təhlükəsizliyi və davamlı inkişaf kimi qlobal çağırışlara qarşı elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bəyanatda, həmçinin rəqəmsal transformasiya və süni intellektin etik istifadəsi məsələləri əksini tapıb, Türk dünyasının dil və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti qeyd edilib.
Qeyd edək ki, Türk Dövlətləri Qrupu adından UNESCO tarixində ilk dəfə olaraq bəyanat səsləndirilib.