Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olan Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Mətili Muğan Rəfayıl oğlunun ailəsinə və həmkarlarına başsağlığı verib.
"Report" xəbər verir ki, diplomat müvafiq paylaşımı "X" sosial şəbəkəsində edib.
"Mən vəzifə borcunu yerinə yetirərkən faciəli şəkildə həlak olan Metili Muqanın ailəsinə və həmkarlarına səmimi başsağlığımı bildirirəm. Düşüncələrim ANAMA ilə və Azərbaycanın zərər çəkmiş bölgələrində minatəmizləmə sahəsində cəsarətlə çalışanlarladır", - bəyanatda deyilir.
Xatırladaq ki, bu gün ANAMA-nın əməkdaşı Mətili Muğan Rəfayıl oğlu (1995-ci il təvəllüdlü) xidməti vəzifələrini yerinə yetirərkən tank əleyhinə minaya düşərək həlak olub.