IMG-LOGO

"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib

03 Apr 2026 23:29 2 baxış
IMG

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" – "Sabah" qarşılaşması (2:2) tarixi rekordla əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşü 21 min tamaşaçı izləyib.

Bu göstərici PFL-in bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/2026 mövsümünün deyil, son 10 mövsümün mütləq rekordudur. Belə ki, bundan daha çox tamaşaçı sayı sonuncu dəfə 2015/2016 mövsümündə, "Qarabağ" və "Neftçi" arasındakı kubokun finalında 23 min izləyici ilə qeydə alınmışdı. Həmin görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.

Bu matç PFL-in 2008-ci ildən bəri təşkil etdiyi turnirlər tarixində ümumi siyahıda 5-ci pilləyə yüksəlib. Lakin yuxarı pillələrdə yer alan digər 4 oyunun hamısı kubokun final görüşləri olub. Bu isə o deməkdir ki, "Qarabağ" – "Sabah" oyunu hər hansı bir komandanın birbaşa ev sahibliyi etdiyi matçlar arasında Premyer Liqada ən çox tamaşaçı toplayan görüş kimi tarixə düşüb. Bundan əvvəlki rekord 2016-cı il fevralın 14-də Gəncədə keçirilən və "Qarabağ"ın 1:2 hesablı qələbəsi ilə bitən "Kəpəz" – "Qarabağ" oyununa məxsus idi - 20 min 400 tamaşaçı.

Ümumilikdə isə bir komandanın ev oyununa daha çox seyrçi toplaması faktına sonuncu dəfə 19 mövsüm əvvəl - 2006/2007 mövsümündəki "Neftçi" – "Xəzər Lənkəran" görüşündə rast gəlinib ki, həmin vaxt 25 min nəfər qeydə alınmışdı.

Xatırladaq ki, bu qarşılaşmayadək cari mövsümün rekordu yenə eyni komandaların martın 1-də keçirilən 3:3 hesablı çempionat matçına məxsus idi. Həmin vaxt stadionda 10 min 361 seyrçi var idi. Beləliklə, bugünkü oyunla mövsümün rekordu iki dəfədən çox yenilənib.

Xəbər lenti