"Zirə"nin ölkə çempionu olması Azərbaycan Minifutbol Federasiyası (AMF) üçün mötəbər hadisədir.
"Report" xəbər verir ki, bu barədə qurumun prezidenti Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
AMF rəhbəri "Zirə"nin tarixində ilk dəfə ölkə çempionu olduğunu xatırladıb:
"Bu, federasiya üçün mötəbər hadisədir. Çünki yeni komanda titulu əldə etdi. Bu, minifutbolun inkişaf etdiyini göstərir. Həm də turnirdə 16 kollektiv mübarizə aparıb. İdman növünə maraq daha da artır, yeni komandalar yaradılır. Bizim də məqsədimiz minifutbolu inkişaf etdirmək, yeni meydançalar tikmək və daha çox insanın minifutbolla məşğul olmasını təmin etməkdir. "Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Bu gün meydançada gərgin mübarizə oldu. Hazırkı çempionun "Birbaşa Bakı" ilə qarşılaşmaları çox gərgin keçir. Onların arasında böyük rəqabət var. "Zirə" də inkişafdadır".
O. Məmmədov Azərbaycanın minifutbol millisinin Avropa çempionatına hazırlaşdığını söyləyib:
"Yarış Slovakiyanın paytaxtı Bratislavada baş tutacaq. Yığmamız inkişaf edib, yeni üzvlər var. Əminik ki, bu çempionatdakı rəqabət millimizə təsir edəcək. Həmin turnirə dünya çempionu kimi qatılacağıq. Ölkəmizə medalla qayıtmaq istəyirik. Bu turnirdən əvvəl təlim-məşq toplanışları olacaq".