Almaniya yığmasının sabiq baş məşqçisi Yoahim Löv Qana millisinə rəhbərlik etməyə çox yaxındır.
"Report" "Ghana Soccernet"ə istinadən xəbər verir ki, 2014-cü ilin dünya çempionu ilə DÇ-2026-nı əhatə edən qısamüddətli müqavilə imzalanacağı gözlənilir.
Tərəflər arasında danışıqlar son 24 saatda intensivləşib və şəxsi müqavilənin detalları razılaşdırılmaq üzrədir. Təklif olunan razılaşmaya əsasən, 64 yaşlı mütəxəssis ayda təxminən 150 min avro maaş alacaq.
Qana Futbol Assosiasiyası Otto Addonun gedişindən sonra boş qalan postu qısa müddətdə doldurmaq niyyətindədir.
Qana millisi iyunun 17-də Torontoda Panamaya qarşı ilk oyununa çıxacaq. "Qara ulduzlar" mundialın qrup mərhələsində İngiltərə, Xorvatiya və Panama ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, Y.Löv 15 il (2006-2021) Almaniya yığmasına rəhbərlik edib və Bundestimlə 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının qalibi olub.