Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Hacıəliyev Afiqin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid H.Ç Turan Əliyevin ailəsi ilə qonşu olduğunu deyib:
"Rəhmətlik uşaq, balam kimi idi. Afiqlə Turan dost olublar. Hadisə martın 8-dən 9- na keçən gecə baş verib. Həmin gün Afiq siqaret almağa çıxmışdı. Sonra qardaşı evə zəng etdi ki, bıçaqlanma olub, xəstəxanaya aparılan var. Turanın öldüyünü biləndə el adəti üzrə bağışlanmaq üçün mərhumun 7-si günü evlərinə getdim, bizi qəbul etmədilər. Bu günə kimi də barışıq olmayıb".
Şahid H.R təqsirləndirilənin qardaşı olduğunu deyib:
"İşdən gəldim. Rasim zəng elədi ki, qardaşın Turanla dava edib, onu vurub. Mən ölən olub olmadığını soruşanda dedi ki, ölən yoxdur. Mən tez hadisənin baş verdiyi kafeyə tərəf qaçdım, dava artıq bitmişdi. Afiqin boğazından qan axırdı. Turan rəhmətə gedib, ölünün ardınca pis danışmazlar, amma o narkomaniyadan əziyyət çəkirdi".
Daha sonra məhkəmə sənədlərin tədqiqi mərhələsini elan edib.
Növbəti proses 22 aprel saat 14:00-a təyin edilib.
Xatırladaq ki, ötən il Bakı ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, ölümünə səbəb olmuşdur. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, Afiq Hacıəliyevə qarşı cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdür.
Hadisələr