21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya – Türkiyə oyununda xoşagəlməz hadisə baş verib.
"Report" xəbər verir ki, görüş zamanı Türkiyənin U-21 millisinin baş məşqçisi Egemen Korkmaz meydan kənarında huşunu itirərək yerə yıxılıb.
Hadisə matçın 35-ci dəqiqəsində, futbolçu Demir Ege Tıknazın qırmızı vərəqə almasına etiraz edildiyi anda baş verib. Etiraz zamanı mütəxəssis müvazinətini itirərək yıxılıb və başı yerə dəyib.
Dərhal meydana tibbi briqada və təcili yardım əməkdaşları daxil olub. İlkin müdaxilədən sonra huşu özünə qayıdan Egemen Korkmaz müalicə üçün xəstəxanaya aparılıb.