Qətərin energetika məsələləri üzrə dövlət naziri, "QatarEnergy"nin prezidenti Saad bin Şərida əl-Kaabi Ras-Laffan sənaye şəhərinə endirilən raket zərbələri nəticəsində Qətərin illik itkilərini 20 milyard dollar qiymətləndirib.
"Report" "QatarEnergy"yə istinadən xəbər verir ki, əl-Kaabi hücumların martın 18-də və 19-na keçən gecə baş verdiyini və mayeləşdirilmiş təbii qazın (LNG) əsas obyektlərinə təsir etdiyini bildirib.
Ümumi gücü ildə 12,8 milyon ton olan və Qətər ixracının təxminən 17%-ni təşkil edən LNG istehsalı xətləri ("Train 4" və "Train 6") zədələnib.
Bununla belə, nazir vurğulayıb ki, zərbələr nəticəsində heç kim xəsarət almayıb:
"LNG istehsalı obyektlərinə dəymiş ziyanın bərpası üçün üç ildən beş ilə qədər vaxt tələb olunacaq. Bu, Çin, Cənubi Koreya, İtaliya və Belçikaya (LNG ixracına - red.) təsir edəcək".
O həmçinin xatırladıb ki, "Shell" tərəfindən idarə olunan "Pearl GTL" kompleksi də hücumlara məruz qalıb.
"Hazırda "Pearl GTL" müəssisəsindəki iki qurğudan birinə dəymiş ziyan qiymətləndirilir. Onun ən azı bir il müddətinə istismardan çıxarılacağı gözlənilir", - deyə dövlət naziri əlavə edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.