"Karvan-Yevlax" "Zirə" ilə matçda heç bir baxımdan rəqibindən geri qalmayıb.
"Report" xəbər verir ki, bunu Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının XXV turunda "Zirə"yə qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis 0:1 hesablı məğlubiyyəti şərh edib:
"Komandamız bu gün kifayət qədər yaxşı oyun nümayiş etdirdi. Futbolçular matça ciddi və məsuliyyətlə hazırlaşmışdılar. Meydanda sona qədər mübarizə aparan, döyüşkən bir kollektiv var idi. Nə istək, nə keyfiyyət, nə də taktiki baxımdan rəqibdən geri qalmadıq, əksinə bəzi məqamlarda üstün görünürdük. Düzdür, qapımız qarşısında təhlükəli epizodlar yaşandı. "Zirə" güclü komandadır və biz bu oyunda qələbə qazanmaq istəyirdik.
Bu gün meydanda həqiqətən də yumruq kimi bir komanda gördüm. Məğlubiyyət oyunun gedişatını tam əks etdirmədi. Xüsusilə son dəqiqələrdə buraxdığımız səhv nəticəsində qol buraxmaq məni məyus etdi. Belə əzmkarlıq göstərən komandamın uduzmasını istəməzdim. Futbolçularım ən azı bir xala layiq idilər. Amma futboldur, belə hallar olur. "Zirə"ni qələbə münasibətilə təbrik edirəm, öz oyunçularıma isə təşəkkürümü bildirirəm. Bir səhv etdik və bunun cəzasını çəkdik. Bizim üçün bu oyun artıq geridə qaldı".