Naharda düzgün qidalanma və yeməkdən sonrakı vərdişlər günün ikinci yarısında yaranan yuxululuq hissinin qarşısını ala bilər.
Lent.az xəbər verir ki, rusiyalı terapevt Olqa Çistik Lenta.ru nəşrinə müsahibəsində nahardan sonra yaranan süstlükdən qurtulmağın yollarını açıqlayıb.
Mütəxəssis bildirib ki, yuxululuğun qarşısını almaq üçün nahar menyusuna balıq, quş əti, ət, paxlalılar və ya kəsmik kimi zülalla zəngin qidalar, həmçinin tərəvəz və meyvələr daxil edilməlidir. Onun sözlərinə görə, zülal mənbələri bədəni tox tutur, bitkimənşəli liflər isə qanda şəkərin səviyyəsinin qəfil yüksəlməsinin qarşısını alır.
Olqa Çistik nahar vaxtı şirniyyat və un məmulatlarından uzaq durmağı xüsusi vurğulayıb. Çünki bu qidalar qanda insulinin sürətlə artmasına, ardınca isə enerjinin kəskin düşməsinə səbəb olur.
Terapevt, həmçinin yeməyin sakit tempdə və tələsmədən yeyilməsini tövsiyə edib. Qida qəbulundan dərhal sonra edilən qısa gəzinti isə orqanizmə möcüzəvi təsir göstərir: "Təmiz havada 10-15 dəqiqəlik mülayim aktivlik diqqəti toplamağa və enerji azalmasının qarşısını almağa kömək edir", - deyə həkim əlavə edib.
yuxu nahar